Azercell və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu. Tədbir çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son tendensiyalar gündəmə gətirildi. Eyni zamanda, tədbir gənc startap və texnologiya mütəxəssislərin bilik mübadiləsi üçün effektiv platforma rolunu oynadı.
"Unikal" xəbər verir ki, “Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş paneldə Azercell-in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndirdilər.
“Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusunda keçirilən sessiyalarda isə Azercell-in Data Modelləşdirilməsi üzrə aparıcı mütəxəssisləri Süleyman Süleymanzadə və Elxan Əlizadə süni intellektin sosial və iqtisadi təsirləri, etik aspektləri və tətbiq sahələri ilə bağlı fikir və təcrübələrini bölüşdülər.
Tədbirdə həmçinin ADA və Corc Vaşinqton Universitetlərinin müəllimləri mövzu ilə bağlı çıxış etdilər. ADA Universitetinin tələbələrindən ibarət startap komandaları isə innovativ layihələrini təqdim etdilər. Forumun sonunda münsiflər heyətinin qərarı ilə “Ən Yaxşı Startap” və “Ən Yaxşı Sual” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırıldı.