AZ

Bizim vəzifəmiz yaranmış boşluqları doldurmaqdan ibarət olmalıdır, yeni boşluqlar yaratmaqdan yox..

Nadir Israfilov: “Bizim vəzifəmiz yaranmış boşluqları doldurmaqdan ibarət olmalıdır, yeni boşluqlar yaratmaqdan yox...”“Nə qədər ki, təhsil bir sistem olaraq oturuşmayacaq, təhsildə “yenilikçilik hərəkatı” bir o qədər davamlı xarakter alacaq.”Nə qədər ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensiala xor baxılacaq, yaranmış mövcud vəziyyətə görə 10-15 il bundan qabaq buraxılan səhvlər önə çəkilləcək, bu məqsədlə günahkar axtarışına çıxılacaq, yenilik etmək görüntüsü yaratmaq məqsədilə elm və təhsil eksperiment meydanına çevriləcək, təhsilimizdə hərc-mərclik bir o qədər davam edəcək. Başqa sözlə əsas vəzifəmiz təhsilimizdə yaranan boşluqları doldurmaqdan ibarət olmalıdır, yeni boşluqlar yaratmaqdan yox. Biz ali təhsili iki pilləyə-bakalavriata və maqistraturaya bölməklə, elmdə gənclərin sayının artmasına nail olduq, yoxsa, elmlər namizədlərini fəlsəfə doktorlarına çevirməklə baytarlıq üzrə fəlsəfə doktotları baytarlığın fəlsəfəsini öyrəndilər? Bəlkə, bütün institutları ucdantutma universitetlərə çevirməklə xeyli sayda Nobel mükafatçıları yetişdirmişik?Bunların nəticələrini təhlil edən, bu “yeniliklərdən” nə qazandığımızı nə itirdiyimizi üzə çıxaran oldumu? Indi də bakalvriatı iki ilə, maqistratura müddətini bir il yarıma endirmək,  elmlər doktoru mərhələsini ləğv etmək fikrinə düşmüşük. “Düşünürük ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir” və özümüzü inandırmağa çalışırıq ki, “nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”. Ümid yaxşı şeydir, ancaq 20 il də böyük müddətdir axı... Buna el dilində  “... Yaz gələr, yonca bitər” və ya “O vaxta ya şah ölər, ya da...” deyərlər.

Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, təhsildə yenilik etmək, köhnəni dağıtmaq demək deyil, mövcud olanı daha da təkmiləşdirmək, yeniləmək və müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır. Bir də ki, bu mənim subyektiv fikrim deyil, Təhsil sahəsində İslahat Proqramının “təhsil sahəsidə uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılması” barədə tələbidir.Azərbaycanda “elmlər doktoru mərhələsinin ləğv edilməsi”, bu mərhələnin “Sovet elmindən bizə qalmış yadigar” kimi əlaqələndirilməsi heç bir halda uzun illərdən bəri ziyalılıq etalonu hesab etdiyimiz, hörmət və ehtiram göstərdiyimiz elmi dərəcənin ləğv edilməsi üçün əsas ola bilməz.  Belə bir addımın atılması heç “uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək” barədə “İslahat Proqramı”nın tələbləri ilə də uzlaşmır. Digər tərəfdən, “Sovet elmindən bizə qalmış yadigara” qarşı belə hörmətsizlik milli mentalitetimizə də baş ucalığı gətirməz axı...Onu da unutmayaq ki, “sovet elmi” başqa şeydir, “sovet sistemi” tamam başqa şey. Biz nə vaxta qədər  “təhsil sistemi” ilə “siyasi sistemi” qarışıq salmaqda davam edəcəyik? Hesab edirəm ki təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək, bununla bağlı paralellər aparmaq yanlış yanaşmadır. Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. İqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa  malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”O ki, qaldı “dünyanın heç bir yerində - normal ölkələrdə ümumiyyətlə elmlər doktoru yoxdur, bizdə var” İddiasına, bizdə də elə şeylər var ki, dünyanın heç bir normal ölkələrdə yoxdur. Bu o deməkdirmi ki, harda nə varsa bizdə də olmalıdır, yaxud bizdə olan da digərlərihdə olmalıdır? Bu sistem digər ölkələrdə də var, sadəcə olaraq, fərqli adlarla və fərqli formalarda. İkincisi, onu da nəzərə alaq ki, “Elm haqqında” Qanunda “yüksəkixtisaslı elmi kadr - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs” kimi təsbit olunub, yəni  elmi ixtisaslaşmanın və yüksək səviyyəli akademik fəaliyyətin rəmzidir.  Sadəcə olaraq mövcud prosedur bir qədər sadələşdirilməli, xaricdə olduğu kimi elmi adları universitetlər verməlidir. Nə qədər ki, elmlər doktoru elmi dərəcəsini Ali Attestasiya Komissiyası verir, bu məsələyə bir daha  həmin komissiya ləğv olunduqdan sonra qayıtmaq olar. Bu müddətdə isə, elmi dərəcələrin nüfuzuna kölgə salmaq yox, əksinə, onları bir az da rəğbətləndirmək lazımdır.Heç olmasa ona görə ki, bəlkə əlavə stimullaşdırma elm adamlarımızı hərəkətə gətirsin, elmimizi yerindən tərpətsin.  Əks təqdirdə, sabah və ya o birisi gün “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” kimi fəxri adların da ləğv edilməsi barədə məsələ qaldırıla bilər...

 

Seçilən
0
tehsil.biz

1Mənbələr