Bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib. Lakin, sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır. Prezident İlham Əliyevin keçən ilin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin.
Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov "oxu.az"dakı məqaləsində bildirib.
O qeyd edib ki, Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb:
"Söhbət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə verilən müavinət və sayca təqribən 13 növ təqaüd məbləğindən gedir ki, bütün bunlar üzrə qeyd etdiyim kimi artımlar hələ ki, gecikir.
Hesab edirəm ki, büdcədə 3 milyard 3 milyon manat profisit, üstəgəl 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə öncədən 4 milyard 811 milyon manat ayrılması fonunda müavinət və təqaüdlərin hələ ki artırılmaması hökumətin ola bilsin, dünya bazarlarında neftin və sairənin qiymətləri ilə bağlı tələsik qərar verməmək və yaxud addım atmamaq istəyi ilə bağlıdır. Çünki buna, başqa cür izahat vermək çətindir", - ekspert vurğulayıb.