Əkrəm Həsənov: “Yalnız məhkəmə qərarı ilə vətəndaşın bu və ya digər hüququ məhdudlaşdırıla bilər”
Problemli kredit borcları olan bir çox ölkələr bunun qarşısını almaq üçün müxtəlif üsullara əl atır. Bəzi ölkələr banklara yüksək məbləğdə borcu olanların ölkədən xaricə çıxmasına qadağa qoyurlar. Bu qadağanın qoyulmasında məqsəd borclu şəxslərin banka olan borclarını qaytarmalarına nail olmaqdır.
Danılmaz faktdır ki, ölkəmizdə də problemli kreditlərin həcmi artmaqda davam edir. Qeyd edək ki, parlamentin ötən iclasında millət vəkili Vüqar Bayramov çıxış edərək bildirmişdi ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər: “Kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir. 2024-cü ilin yekunlarında istehlak kreditlərinin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır”.
Qeyd edək ki, Konstitusiyaya görə Azərbaycan vətəndaşlarının sərbəst hərəkət hüququ var. Bu hüququ isə yalnız məhkəmə qaydasında məhdudlaşdırmaq mümkündür.
Maraqlıdır, insanların ölkədən çıxışının məhdudlaşdırılması onların konstitusion hüquqlarına ziddirmi? Ümumiyyətlə, vaxtı keçmiş kreditlərin qarşısını almaq üçün ölkədən çıxışa qadağa qoymaq problemi həll edərmi?
“Vətəndaşın borcu banka da ola bilər, digər vətəndaşa da ola bilər, hər bir halda həmin borc məhkəmə qaydasında təsdiqlənməlidir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yalnız məhkəmə qərarı ilə vətəndaşın bu və ya digər hüququ məhdudlaşdırıla bilər: “Konstitusiyaya görə, məhkəmə qərarı ilə vətəndaşın ölkədən çıxışı məhdudlaşdırıla bilər. Ancaq bu yalnız məhkəmənin qərarı ilə olmalıdır. Vətəndaşın borcu banka da ola bilər, digər vətəndaşa da ola bilər. Hər bir halda həmin borc məhkəmə qaydasında təsdiqlənməlidir. Bank şəxsi məhkəməyə verir, udur, bütün instansiyaları keçir. Məhkəmənin də qanuni qüvvəyə minmiş qərarı çıxarılır ki, borc ödənilməlidir. Bundan sonra vətəndaş üzrsüz səbəbdən o borcu ödəmirsə, icra məmuru yenidən məhkəməyə müraciət edir. O zaman məhkəmə qərar verir ki, bu vətəndaşın ölkədən çıxışına qadağa qoyulsun”.
Günel CƏLİLOVA