"Expressbank”ın vaxtl keçmiş kreditləri 2025-ci ilin ilk rübündə də artmaqda davam edib.
Valyuta.az xəbər verir ki, bankın vaxtı keçmiş kreditləri ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə 37% və ya 3,44 milyon manat artaraq 12,65 milyon manata yüksəlib. Ötən ilin sonunda bu rəqəm 9,2 milyon manata bərabər olub.
Bu isə bankın vaxtı keçmiş kreditlərinin ümumi portfeldə çəkisinin 1,83 %-dən 2,53 %-ə kimi artmasına təsir edib.
"Expressbank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı keçmiş istehlak kreditləri 61% və ya 2,8 milyon manat artaraq 4,65 milyon manatdan 7,48 milyon manata kimi yüksəlib.
Bankın şirkətlərlə bağlı bir aydan artıq vaxtı keçmiş kreditləri isə üç ayda 8% artaraq 4,2 milyon manata yüksəlib. "Expressbank”ın ilk rübdə danışmaz əmlak üzrə vaxtı keçmiş kreditlərinin həcmi isə 971 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 48% çoxdur.
Qeyd edək ki, hesablama zamanı bankın bir aydan artıq müddətə gecikdirilmiş kreditləri nəzərə alınıb.
Xatırladaq ki, "Express Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 19,98%-I Seyidov Hafiz Mirzağa oğluna, 48,78%-I onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə və 0,38%-i Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.