Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilib.
Minimum əməkhaqqı ilə işləyənlər ticarət sahəsində daha çoxdur. Bu sahədə 100 minə yaxın insan ayda 400 manata qədər maaş alıb.
Təhsil sahəsində də minimum maaşla çalışanlar çoxdur. Burada 400 manata qədər maaş alanların sayı 88 111 nəfər olub. İnzibati və yardımçı xidmətlərin göstərilməsi (57,2 min), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (29,5 min), tikinti (20 min) sahələrində də aşağı maaşla çalışanlar çoxdur.
Lakin vətəndaşlar minimum əməkaqqı ilə artan qiymətlərin tarazlaşmadığını bildirir və bu maaşın dolanışıq üçün kifayət etmədiyini vurğulayırlar. Turkustan.az olaraq mövzunu iqtisadçı-ekspert Günay Hüseynova ilə müzakirə etdik.
Əgər şəxsin yaşam standartları müəyyən səviyyəyə çatıbsa, əmək haqqı onun bütün ehtiyaclarını qarşılaya bilər. Hazırkı dövrdə isə əmək haqqı sadəcə qidaya və zəruri ehtiyaclara güclə yetir. İqtisadi -sosial şəraitin tam olduğu arenada şəxs zəruri ehtiyaclarını qarşılayır,bütün sosial haqlardan faydalanır, hətta gələcəyi üçün investisiya yatırır. Təəssüf ki, bizim cəmiyyət üçün isə bunu tam demək mümkün deyil.18 yaşında gənc ali təhsil alsın yoxsa, illərlə çalışsın ki,pul yığıb ev ala bilsin?!. Düşünürəm ki, hər bir gənc ilk növbədə ev alıb, sonra ailə həyatı qurmalıdır. Əks təqdirdə aldığı əmək haqqı nəinki kirayəyə, heç qidalanmağa belə çatmayacaq.
Əmək haqqı ilə bazar qiymətlərinə qaldıqda isə, yuxarda qeyd etdiyim kimi bu insanların yaşam standartlarına, aylıq xərclərinə görə dəyişir. Lakin ümumilikdə desək əmək haqqı ilə bazar qiymətləri tərs mütənasibdir. Rəsmi statistik göstəricilərdən də məlumdur ki, insanlar gəlirlərinin 50% dən çoxunu qidaya xərcləyir. Əslində qısa görsənsə də məsələnin iqtisadi tərəfi genişdir.Xərclər və gəlirlərdə kəskin fərq yarandıqda digər iqtisadi yönlərə də mənfi təsir göstərir.
Aytən Yaşar/ Turkustan.az