AZ

Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər

5 may – Azərbaycan Xalçaçıları Günüdür. Azərbaycan xalçaçılıq sənəti ustalarını, dekorativ-tətbiqi sənət nümayəndələrini, sənətşünasları və xalça həvəskarlarını birləşdirən “Azərbaycan Xalçaçıları” İctimai Birliyi bu münasibətlə hər kəsi təbrik edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Xalçaçıları” İctimai Birliyindən məlumat verilib.

Birlik 2010-cu il yanvarın 29-da təsis edilib. Birliyin sədri sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi, “Şərəf” və “Şöhrət” ordeni ilə təltif edilmiş Röya Tağıyevadır.

Birliyin ilk və ən əhəmiyyətli layihəsi Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olunması olub. O vaxtdan bəri birlik xalçaçılıq və dekorativ-tətbiqi sənətin təbliği, unudulmuş xalça növlərinin bərpası, gənclər və yeniyetmələrdə maddi və qeyri-maddi mədəni irsə marağın oyadılması, tədqiqatların inkişafı, tanıtım və yaradıcılıq mübadiləsi istiqamətində fəal fəaliyyət göstərir.

Birlik, dekorativ-tətbiqi sənətin müxtəlif növləri də daxil olmaqla, maddi və qeyri-maddi mədəni irsin gənc nəslə çatdırılması məqsədilə xüsusi proqramlar üzərində çalışır. 2012-ci ildə birlik UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinə məsləhətçi xidməti göstərmək üçün QHT kimi akkreditasiyadan keçib. Birlik Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində sərgilər, yerli və xarici dekorativ-tətbiqi sənət ustadlarının iştirakı ilə işgüzar görüşlər və dəyirmi masalar təşkil edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə son illər bir sıra layihələr həyata keçirilib: “Qarabağda xalçaçılığın inkişaf potensialı”, “Şuşadan olan qaçqın düşmüş qadınlar üçün xalçaçılıq kursları”, “Regionlarda xalçaçılıq sənətinin təbliği”, “Azərbaycanın palaz və kilimləri”. Bu layihələr çərçivəsində internet resursları və Azərbaycan ustadları haqqında məlumat bazası yaradılıb.

Hazırda birlik türk xalqlarının palaz və kilimlərinin tədqiqi, şəhid anaları və qazilər üçün art-terapiya proqramları, xalça sənətinin müasir interpretasiyasına həsr olunmuş sərgilər, gənclərin qədim sənətlərlə tanışlığı və sənətkarlar arasında ənənənin davamlılığı istiqamətində fəaliyyət göstərir.

“Azərbaycan Xalçaçıları” İctimai Birliyi 2025-ci il 3–4 may tarixlərində İqtisadiyyat Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərxalça” ASC və AzPromo-nun dəstəyi ilə İçərişəhərdə keçirilmiş Beynəlxalq Xalça Festivalında iştirak edib. Festival çərçivəsində professor Röya Tağıyeva tanınmış xalça sənətinin xarici tədqiqatçıları Alberto Boralevi, Kərim Mirzayi, Stefano Yonesku və Elvan Özkıvrık ilə görüşüb.

“Azərbaycan xalçası milli kimliyimizin aynasıdır, daim yeniliyə açıqdır. Üslubların harmoniyasına düzgün yanaşma sənətin həyatının davamıdır. Biz bu istiqamətdə fəal çalışırıq və qarşıda bizi hələ çox işlər gözləyir”, – deyə “Azərbaycan Xalçaçıları” birliyinin 15 illik fəaliyyətinə qısa nəzər salan sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva bildirib.

Qeyd edək ki, yaxın günlərdə azərbaycanlı xalçaşünas alim, sənətşünaslıq üzrə elmlər doktoru, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva Cənubi Koreyada 2024-cü ilin “JIAPICH” beynəlxalq mükafatına layiq görülüb. Bu mükafat qeyri-maddi mədəni irsin qorunması və müdafiəsi, sosial birliyin və milli kimliyin təşviqi, beynəlxalq cəmiyyətlərin davamlı inkişafına töhfə verilməsi sahəsində fəaliyyətə verilən dünyada yeganə illik beynəlxalq mükafatdır.

Seçilən
0
1
sia.az

2Mənbələr