AZ

ABŞ-Ukrayna sazişinin cəmiyyətlərə açılmayan ilginc məqamları var...


Abutalıb Səmədov: "O iki sənəd ortada olmasa da, bir şey aydındır ki, ABŞ-nin 58 və ya 80 səhifəlik sənəd təklif edib, sonradan 12 səhifəlik bir sənədə razılaşması qeyri-mümkündür"

Avropa mediasında dolaşan xəbərlərə görə ABŞ-Ukrayna sazişinin cəmiyyətə açıqlanmayan ilginc tərəfləri var. Mediaya 12 səhifədən ibarət yalnız bir sənəd açıqlanıb. Lakin iki daha geniş həcmli sənəd isə dünya ictimaiyyətindən gizlədilir. İddialara görə Ukrayna ilə ABŞ arasında 80 səhifəlik sənəd imzalanıb.

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında tanınmış siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, qələbə planının tərkib hissəsi sayılan, Ukraynanın təbii sərvətlərindən birgə istifadəyə dair təklif 2024-cü ilin sentyabrında ABŞ-a təqdim edilib: "Həmin plan 5 açıq, 3 gizli maddədən ibarət idi. 4-cü maddədə təklif edilirdi ki, Ukraynanın təbii sərvətlərindən birgə istəfadə edilsin.

Lakin Bayden buna heç bir reaksiya vermədi. Tramp isə ABŞ-nin Ukraynaya hərbi yardımı, Rusiyaya iqtisadi təzyiqi, müharibədən sonra təhlükəsizliyin təni edilməsi və s. məsələləri nəzərdə tutan digər maddələri bir kənara atıb, 4-cü maddəni əldə rəhbər tutaraq düşündü ki, buradan yaxşı qazanc əldə etmək olar. Bu layihə Ağ Evdə imzalanmalı idi. Zelenski bunun üçü Amerikaya səfər etdi. Ancaq imzakanma ərəfəsində dava düşdü - Zelenski Trampın yanlışlarını dedi və Oval Kabinetdən qovuldu. Bunun ardınca Ağ Ev tərəfindən Ukraynaya 58 səhifədən ibarət yeni bir sənəd təqdim edildi. Bu sənədlə tanış olanlar onu "soyğunçu müqavilə" adlandırdı. Sənədə görə Ukraynanın ABŞ-dən aldığı 350 milyard dollar (əslində bu rəqəmi Ukrayna ən azı 2,5 dəfə şişirdilmiş sayır) yardım əvəzinə bütün təbii sərvətləri Vaşinqtonun nəzarətinə keçirdi.

İnvestisiya fonduun yaradılması nəzərdə tutulurdu. Bu fondu beş nəfər idarə etməli idi ki, onlardan da üçü ABŞ numayəndəsi olmalı idi. Ukrayna cəmiyyəti bunu çox böyük etirazla qarşıladı. Bir tərəfdən də Zelenski çıxılmaz vəziyyətdə idi - ABŞ yardım etməsə Ukraynanın ayaqda qalmaq şansı yoxdur. Tramp da açıq şəkildə dedi ki, ya sən mənim təklif etdiyim sülh və təbii sərvətlərdən birgə istifadəyə dair sazişi imzalamalısan, ya da Ukrayna qısa müddətdə məhv olacaq. Həqiqətən işlər ona doğru gedir, Rusiya ağır da olsa irəliləyir, Avropanın göstərdiyi yardım isə qətiyyən kifayət etmir. ABŞ yeni yardımlar ayırmır, əvvəl ayrılmış yardım partiyaları isə gecikmələrlə çatdırılırlar.

Sonra da 58 səhifəlik sənəd, 80 səhifəlik sənədə çevrildi. İndi isə birdən-birə məlum oldu ki, aprelin 30-da ABŞ-da 12 səhifədən ibarət bir sənəd imzalanıb. Yəni ABŞ o qədər şərtlərdən imtina etdimi? Bir neçə səhifə ixtisar edilə bilər, amma 58 və ya 80 səhifəlik sənəd əvəzinə 12 səhifəlik sənədin imzalanması gizlinlərdən xəbər vəriri. İmzalandığı açıqlanan sənəddə 57 mineralın birgə istifadəsindən söhbət gedir. Buraya nert-qaz və kritik vacib mineralar daxildir.

Nadir torpaq elementləri Ukraynada çox azdır. Üstəlik, nadir torpaq elementlərinin dünyada dövriyyəsi də o qədər çox deyil. 2024-cü ildə nadir torpaq elementlərinin dünyada dövriyyəsi cəmi 15 milyard dollar təşkil edib. Ona görə də bütün təbii sərvətlər, AES-lər və limanlardan istifadə bu sazişə daxildir. Trampın bundan belə asanlıqla imtina etməsi mümkün deyil.

İmzalanma mərasimi zamanı çəkilən şəkildə ABŞ maliyyə nazirinin əlində iki sənəd tutduğu görünür, Ukrayna baş naziri müavininin isə əlində bir sənəd var. İddialar da ondan ibarətdir ki, ABŞ və Ukrayna arasında açıqlanan 12 səhfəlik sənəddən əlavə iki sənəd - fond və texniki şərtlər haqqında sazişlər də imzalanıb. O iki sənəd ortada olmasa da, bir şey aydındır ki, ABŞ-nin 58 və ya 80 səhifəlik sənəd təklif edib, sonradan 12 səhifəlik bir sənədə razılaşması qeyri-mümkündür. Üstəlik, bu imzalanma mərasimindən sonra Tramp bunu çox böyük uğur adlandırdı.

Açıqlanan 12 səhifəlik sənədi Radada ratifikasiya etmək istəyirlər. Digər gizlədilən sənədlər yəqin ki, parlamentin müzakirəsinə çıxarılmayacaq, çünki onun təsdiq edilməsi mümkün deyil. Trampın dəfələrlə dediyi kimi, bu sazişdə təhlükəzizlik məsələsi yər almayıb, yalnız ABŞ prezidenti deyir ki, bizim orda olmağımız elə sizin üçün təhlukəsizlik təminatıdır. Amma məlumdur ki, ABŞ firmaları Ukraynada müharibədən əvvəl də var idi. Buna baxmayaraq Rusiya əhəmiyyət vermədən hücum etdi. Ona gorə də bu saziş təhlükəsizlik təminatı sayıla bilməz.

Ukrayna bəyan edib ki, ABŞ 350 milyardı (bəzi hallarda 500 milyard da deyirdilər) borc kimi sənədə salmayıblar. Lakin Tramp açıq şəkildə dedi ki, biz bu razılaşmadan 350 milyard dollar götürmək fikrindəyik. ABŞ verdiklərini borca yazsa da, yazmasa da Ukraynadan hədəflədiklərini götürəcək. Bəzi mənbələr ABŞ-nin Ukraynaya 100, bəziləri isə 132 milyard yardım etdiyini yazırlar, amma Amerika sözügedən sazişlə Ukraynadan 350 milyard dollar götürmək istəyir.

ABŞ bundan sonra Ukraynaya verəcəyi silah-sursatın dəyərini ABŞ-Ukrayna İnvestisiya Fonduna Amerikanın yatrımı kimi hesablayacaq. Aydındır ki, ABŞ silahları Ukraynaya kifayət qədər baha qiymətə verir, yəqin ku, bundan sonra silahların qiyməti bir qədər də artacaq.

Deyilənə görə, fondun idarə edilməsi bərabər əsaslarla olacaq. ABŞ-nin xüsusi agentliyi fonda investisiya cəlb etməklə məşğul olacaq. Təbii sərvətlər hasil edilib, satılacaq və həmin fonda yatrılacaq. Fondun vəsaitlərinin bir hissəsi ABŞ-yə köçrüləcək, bir hissəsi isə Ukraynanın qurulmasına xərclənəcək. Bu sənəd məcburiyyətdən imzalanıb, Ukrayna çarəsiz durumdadır.

Bunu dərk edən ABŞ-nin yeni prezidenti qəbul edilməz şərtləri diqtə edir. Əgər gələcəkdə cəmiyyətin təzyiqi ilə Ukrayna bu razılaşmadan imtina etsə, onu çox ağır günlər gözləyəcək. Yox işlər rəvan geysə, Amerika zamanla Ukraynanın sərvətini daşıyacaq, istismar edəcək.

Təqribi hesablamalara görə Ukraynanın təbii sərvətləri 26 trilyon dollar təşkil edir ki, bunun da yarısı Rusiya tərəfindən işğal edilmiş ərazilərdədir. Yerdə qalan yarısına isə ABŞ əl qoydu və onun böyük bir hissəsini müxtəlif yollarla ələ keçirəcək.

Sonda Trampın bir ifadəsini xatırlatmaq yerinə düşər. O Zelenskiyə deyirdi ki, sən nəyə gorə öz gücünü hesablamadan özündən qat-qat güclü dövlətlə müharibəyə girirsən? Zelenskinin ən böyük səhvi də məhz budur. Xarici qüvvələrə, ilk növbədə ABŞ-yə güvənib müharibəyə girişdi, dəfələrlə yaranmış sülh imkanlarından imtina etdi, yanlış addımlar atdı, yanlış bəyanatlar verdi. Ona görə də bu gün Ukrayna Amerika ilə qeyri-bərabər və ədalətsiz saziş imzalamaq məcburiyyətində qalıb. Digər tərəfdən isə Rusiya addım-addım Ukrayna torpaqlarını işğal edir və dinc əhali - qadınlar, qocalar və uşaqlar öldürülməkdədir".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr