Arsenal – PSJ 0:1 (0:1)
Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 83), Saliba, Kivyor, Lüis-Skelli, Rays, Merino, Edeqor (Nvaneri, 90), Saka, Trossar, Martinelli.
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya, Neveş (Zair-Emeri, 89), Ruis, Due (Ramuş, 76), Dembele (Barkola, 70), Kvaratsxeliya.
Qol: Dembele, 4.
Vərəqələr: Trossar, 10. Saka, 43. Hakimi, 44. Neveş, 46 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
29 aprel. London. 59664 tamaşaçı.
Rəqiblərin ölkə çempionatındakı hədəfləri ilə bağlı hər şey aydındı deyə, bütün diqqətlərini Çempionlar Liqasını qazanmağa yönəldiblər. PSJ ölkə çempionluğunu sona 6 tur qalmış təmin edib, irəlidə isə parisliləri “Reyms”lə ölkə kubokunun finalı gözləyir. Əslində bu komandanın son turda evdə “Nitsa”ya uduzub, mövsümü məğlubiyyətsiz çempion kimi bitirmək imkanını əldən verməsini də ÇL-in “ayağına yazmaq” lazımdı. Axı Luis Enrikenin komandasının cismi Parisdə olsa da, ruhu Londonda idi.
“Arsenal” premyer-liqada çempionluğu “Liverpul”a “bağışlayıb”, 5 xal arxada qərarlaşan “Nyukasl” isə “topçular”a isti nəfəsini hiss etdirir. ÇL-in əvvəlki mərhələsində güclü “Real”ı sıradan çıxaran London təmsilçisi premyer-liqanın son turunda “Kristal Pelas”la “sülh bağlamışdı” (2:2). “Arsenal”ın buna qədər bütün turnirlər çərçivəsində son 12 oyunda uduzmadığını da vurğulayaq. Maraqlıdı ki, bu komandalar ÇL-in cari mövsümündə artıq əsas mərhələdə üz-üzə gəlmiş, Londonda keçirilən həmin oyun meydan sahiblərinin qələbəsi ilə bitmişdi.
Heyətlə bağlı itkilərə gəlincə, PSJ-nin bu mənada problemi yoxdu, amma “Arsenal”dan Parti cəzalı, Jezus, Tomiyasu, Haverts, Qabriel, Jorjinyo və Kalafyori zədəli idi.
Əlbəttə, ikioyunluq duellərdə səfər qələbəsi həmişə növbəti mərhələyə adlamaq baxımından irəliyə doğru atılan bir addımdı. Ancaq PSJ minimal fərqlə qələbə qazandı. Odu ki, Parisdə istənilən nəticənin qeydə alınması mümkündü. Parislilərin ÇL-in finalına vəsiqəni təmin etdiyini demək sadəlövhlük olardı. Londondakı qarşılaşmanın taleyini erkən qol həll etdi. Artıq 4-cü dəqiqədə Kvaratsxeliyanın sol cinahdan ötürməsini Dembele qolla tamamladı. Əslində Usman o qədər yaxşı zərbə vurmamışdı, sadəcə, dirəyə dəyən top tora sıçradı. Bundan sonra da PSJ hadisələrin axarına nəzarət etdi. “Arsenal” uzun müddət rəqibin topa nəzarət etməsinin qarşısını almaq üzərində düşündü. Yalnız hissənin sonunda meydan sahibləri bir qədər fəallaşdı. Xüsusən də Saka hesabı bərabərləşdirmək üçün hədsiz canfəşanlıq göstərirdi. Ancaq onun zərbəsindən sonra top düz Donnarummanın üzərinə getdi, daha bir ötürməsinə Martinelli çata bilmədi.
İkinci hissədə uzun müddət komandalar qarşılıqlı pressinq tətbiq etdi, təhlükəli vəziyyətlər yaratmağa çalışdı. Düzdü, arabir belə vəziyyətlər izlədik. Məsələn, Trossarın zərbəsini qapıçı inanılmaz seyvlə dəf etdi, Hakiminin zərbə vurmasının qarşısını son anda Saliba aldı. Ümumilikdə PSJ-nin yaratdığı vəziyyətlər daha təhlükəli idi. Odu ki, son nəticə qanunauyğundu. “Topçular” və Arteta cavab oyunu üçün nələrsə düşünməlidi, yoxsa növbəti mərhələyə vəsiqə arzu kimi qalacaq.
Faktlar
* Dembele ÇL-in cari mövsümündə 11-ci məhsuldar hərəkətlə yadda qaldı. 27 yaşlı hücumçu PSJ-nin əvvəlki rekordçusu Mbappenin nəticəsini təkrarladı. Kilian ÇL-in 2020/21 mövsümündə “qol+ötürmə” göstəricisində 11 xal toplamışdı.
* PSJ tarixində ilk dəfə “Arsenal”ı məğlub etdi. Əvvəllər bu komandalar ÇL-də üç dəfə üz-üzə gəlmişdi. 2016/17 mövsümündə qrup mərhələsinin hər iki oyunu heç-heçə (Londonda 2:2, Parisdə 1:1) bitmişdi. Bir qədər əvvəl xatırlatdığımız kimi, “Arsenal” ÇL-in əsas mərhələsi çərçivəsində oktyabrın 1-də keçirilən oyunda bu rəqibi məğlub edib (2:0). Adı çəkilən komandalar 1993/94 mövsümündə Kuboklar Kubokunun yarımfinalında da qarşılaşıb. Onda Parisdə keçirilən ilk oyun 1:1 bitmiş, cavab görüşündə londonlular üstün olmuşdu (1:0).
* İlk yarımfinal oyununda səfərdə qalib gələn PSJ 21-ci əsrdə Fransa klubları üçün yeni tarix yazdı. PSJ bu ölkənin son 34 ildə ÇL-in yarımfinalında səfər qələbəsi qazanan ilk təmsilçisidi. Sonuncu dəfə bunu 1991-ci ildə Moskva “Spartak”ını səfərdə məğlub edən “Marsel” bacarmışdı.
* Dembelenin qolu 26 ötürmədən sonra vuruldu. Bu, ÇL-də həm PSJ üçün rekord, həm də “Arsenal” üçün antirekorddu. Onu da xatırladaq ki, bu statistika 2003/04 mövsümündən bəri aparılır.
* "Arsenal" son 7 yarımfinal matçının heç birində qələbə qazana bilməyib. Bu görüşlərdə 5 məğlubiyyəti və 2 heç-heçəsi olan “topçular” həmçinin son 6 yarımfinal oyununda bir qol da vura bilməyib. Qeyd edək ki, London klubu 2024/25 mövsümündə İngiltərə Liqa kubokunun yarımfinalında "Nyukasl"a (0:2, 0:2), 2021/22 mövsümündə eyni turnirin yarımfinalında "Liverpul"a (0:0, 0:2) və 2020/21 mövsümündə Avropa Liqasının yarımfinalında "Vilyarreal"a (1:2, 0:0) uduzub.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bundan artığına layiq idik. Bu yalnız duelin ilk yarısıdı. “Real”la ilk oyundan sonra da belə demişdim. Parisə yollanıb qələbə qazanmaq lazımdı. Oyuna yenidən baxmalı, bəzi aspektləri yaxşılaşdırmağa çalışmalıyıq. Bəli, bu qarşıdurmada şanslar hələ də 50-nin 50-yədi. Çempionlar Liqasının finalına düşmək istəyirsizsə, nəsə xüsusi bir şey etməlisiz. Parisdə biz məhz bunu etməliyik. Həqiqətən də, bu oyunda çox güc qoyduq. Oyunun əvvəlində, ilk 10-15 dəqiqədə ritmi yaxalamaq, lazımi şəkildə nəzarət etmək bizim üçün çətin idi. Həlledici məqamlarda topa əldə edə bilmirdik, bu da komandamız üçün bəzi çətinliklər yaradırdı. Bununla belə, konkret epizoddakı qoldan başqa xüsusi təhlükə olmadı. Turnirin yüksək səviyyəsi budu. Fikrimcə, həmin məqamdan sonra daha inamlı oynamağa başladıq. Məni məyus edən yeganə məqam heç-heçə edə bilməməyimizdi. Bu gün iki güclü komandanın oyununun şahidi oldum: rəqib hücumlarda daha effektli oynadı, bir də qapıçı Donnarummanın oyununu qeyd etməyə dəyər”.
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Belə oyunlarda emosiyalar ən yüksək səviyyəyə çatır. Odu ki, təhlil aparmaq çətindi. Gözəl atmosferdə necə komanda olduğumuzu göstərdik. Ortaya komanda ruhu qoyduq. PSJ-də belə ruhun olması məmnunluqdu. Öz üslubumuzda oynamağa çalışdıq, oyunun əvvəlində qol vurduq – bu, özünəinam baxımından vacib idi. Bəzən çətinlik çəksək də, ikinci qolu da vura bilərdik. Cavab görüşü çox çətin olacaq. Oyunun axarına necə nəzarət edəcəyimizi düşünməliyik. Evdə - azarkeş dəstəyi altında oynamağa hazır olmalıyıq. Bu nəticə bizə müəyyən üstünlük qazandırır. Evdə əziyyət çəkməli olacağıq – bunu da bilirik. Düşünürəm ki, finala çıxa bilərik, ancaq irəlidə daha bir oyun var. Donnarummanın seyvlərinə gəlincə, bu elə qapıçının işi deyilmi? Komandanı xilas etmək – futbolçular hər gün bunun üzərində çalışır. Yarımfinalda hər oyunçunun yüksək səviyyədə çıxış etməsi vacibdi”.
Vitinya, PSJ-nin yarımmüdafiəçisi:
“Möhtəşəm gecə idi, əsasən də bizin komanda üçün. Çox yaxşı oynadıq. Oyunun əksər bölümündə topa sahib olduq. Oyunboyu fərqli şəraitlərə uyğunlaşmaq lazım gəldi və biz bunu bacardıq. Yaxşı müdafiə olunduq və yaxşı hücumlar qurduq. Qolu 26 ötürmənin müşayiət etməsinə gəlincə, bu məqam oyunumuzdakı dinamikanı və komandanın gücünü göstərir. Bu hələ son deyil, Parisdə də yaxşı oyun göstərməliyik. Donnarumma oyunu yüksək səviyyədə keçirdi, ancaq həlledici məqam komanda ruhudu. Düzdü, bu gün daha çox qol vura bilərdik. Ancaq 1:0 hesablı qələbəyə də sevinirik, finala çıxmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
Mikel Merino, “Arsenal”ın yarımmüdafiəçisi:
“Ağır oyun idi. Bəlkə də ilk 10-15 dəqiqədə hər kəsin öyrəşdiyi səviyyədə oynamadıq. Ancaq düşünürəm ki, buraxılan qoldan sonra komanda özünü çox yaxşı göstərdi. Xarakterimizi, fərdi bacarığımızı ortaya qoyduq, demək olar ki, oyunun qalan hissəsində dominantlıq etdik. Həqiqətən yaxşı, güclü komandamızın olduğunu bilirik. Cavab görüşündə qalib gələcəyimizə də əminik. Parisə yollanmaq üçün səbirsizlənirik”.