Mayın 4-də "Libraff"ın "Park Akademiya" filialında AYB-nin üzvü, Prezident təqaüdçüsü, müharibə veteranı yazıçı Zaur Bayramoğlu Muradovun Birinci Qarabağ müharibəsindəki snayper qızın həyat və döyüş yolundan bəhs edən "Yalquzaq" kitabının təqdimatı və imza mərasimi keçirildi.
Moderator.az xəbər verir ki, müəllifin sayca doqquzuncu olan bu kitabının təqdimatında Zaur Bayramoğlu yaradıcılığını sevənlər, keçmiş xüsusi təyinatlı zabit olan müəllifin hərbçi dostları, qələm dostları və digər kitab həvəskarları iştirak edirdilər. Tədbirin aparıcısı, "Libraff" və "TEAS Press"in PR meneceri Sərxan Rüstəmov, kitabın redaktoru, dos. Əminə İbrahimli, şairə, tərcüməçi Sədaqət Əhmədova, filoloq Pərvanə Onurlu, AYB-nin üzvü Nəzakət Əhmədova, Azad Vətən Partiyasının sədri Akif Nağı, polkovnik-leytenant Əmir Musayev, AMEA Folklor İnstitutu Xarici Ölkələrlə Əlaqələr bölməsinin rəhbəri Əli Şamil və başqaları çıxış edərək qazi-yazıçı Zaur Bayramoğlunun mübariz həyat yolundan, ibrətamiz şəxsi keyfiyyətlərindən, bədii yaradıcılığındakı uğurlarından danışdılar.
Zaur Bayramoğlu çıxışlara yekun vuraraq, oxuculara "Yalquzaq" əsərinin süjet xətti, əsas qəhrəmanları və digər personajları haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda yazıçı yeni kitabını oxucuları üçün imzaladı və xatirə şəkilləri çəkildi.
Qeyd edək ki, mayın 11-də Naxçıvan şəhərinin Saat meydanında keçiriləcək kitab festivalında Zaur Bayramoğlunun kitablarının növbəti təqdimat və imza mərasimi keçiriləcək.