GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Güney Azərbaycanın “Traktor” futbol klubunun çempion olması bir sıra aspektdən müzakirə obyektinə çevrilib. Belə ki, bəzi tanınmış simalar komandanın qələbəsinə sevinənləri tənqid edib və bu, birmənalı qarşılanmayıb. Hətta sözügedən uğurun bizə aidiyyətinin olmadığı iddia olunur. Millət vəkili Fazil Mustafa da bu sırada yer alıb.
Bu yanaşma nə dərəcədə doğrudur? “Məsud Pezeşkianı prezident edən güclər “Traktor”u da çempion edib” fikri gerçəkdirmi?
Globalinfo.az-a danışan politoloq Əziz Əlibəyli deyib ki, idman kimlik məsələsidir:
“Traktor”un ilk dəfə İran çempionu olması, ölkənin siyasi müstəvisində deyil, İran-Azərbaycan hissəsində böyük tarixi hadisə kimi qeyd olundu. Türk dünyasının adlı-sanlı, yüz illik klubları bu qalibiyyətə sevindi, onları təbrik etdi. Eyni zamanda qələbənin arxasındakı Azərbaycan milli kimliyi, xüsusilə də Vətən müharibəsindən sonra cənubda ciddi şəkildə böyük səs-küy yaratdı. İran daxilində ucalan türk gücü imperial farslar arasında xeyli problemlərə səbəb olur. Bu, getdikcə şiə milli kimliyi üzərində inşa olunan İranın qlobal problemləri və bölgəsəl məğlubiyyətləri daxildə böyük parçalanmaları gətirir”.
Əziz Əlibəyli
Politoloq bildirib ki, Pezeşkianın prezident seçilməsi farsların idarəçiliyində olan SEPAH-ın və molla rejiminin bilavasitə nəzarətindəki şəxslərin alternativi kimi masada idi:
“Bir türk şəxsin prezident seçilməsi hardasa narazı elektoratı növbəti dəfə hakimiyyət ətrafında səfərbər etməyə kifayətdir. Bunun elementlərindən biri kimi, çempionluğa gedən yolda “Traktor” klubuna mane olmadılar. Çünki 2015-ci ildə klubu aldadaraq stadionda işıqları, interneti kəsdilər, faciəyə şərait yaratdılar. Növbəti dəfə müəyyən qədər az maneə gördük. “Traktor” çempion olmaq üçün hər cür imkanlara malikdir. İndi ona əngəl ola bilmədilər və nəhayət, klub çempion oldu”.
Ə.Əlibəylinin sözlərinə görə, türklərlə farslar arasında qarşıdurma pik həddədir:
“Belə olduqda klub, mübarizə simvoluna çevrilir. Yəni bunun alt qatında milli kimlik, ideoloji-siyasi prinsiplər dayanır. Belə halda, necə demək olar ki, qələbənin bizimlə əlaqəsi nədir? Üstəlik, Vətən müharibəsində zəfər əldə edəndə ilk növbədə onlar Prezident İlham Əliyevə sevgilərini meydanlarda səsləndirdilər”.
Qeyd edək ki, 2015-ci ildəki bir matçda “Traktor Sazi” 3:1 hesabı ilə öndə olduğu halda, son 15-20 dəqiqədə qəribə hadisələr yaşanıb. Əvvəlcə internet kəsilib, sonra digər oyunda rəqib “Sepahan”ın xal itirməsinin anonsu verilib. Azarkeşlər stadionu tərk etməyərək çempionluğu qeyd etməyə başlayıblar. Lakin sonradan məlum olub ki, “Traktor” çempion olmayıb. Bu, polislə azarkeşlər arasında qarşıdurma yaradıb və nəticədə üç “Traktor” azarkeşi həyatını itirib.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.