Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Deputat Azər Badamov Rusiyaya niyə buraxılmayıb?
Mənbə bildirib ki, Azər Badamov 2025-ci il mayın 4-də Rusiya ərazisinə buraxılmayıb.
Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.
Badamova qarşı görülən tədbirlərin “şəxsi xarakter daşıdığı” bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır.
“Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.
Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”, – mənbə bildirib.