AZ

Bakı Musiqi Akademiyası və Naxçıvan Dövlət Universiteti arasında internet üzərindən konsert tədbiri təşkil olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 may, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti (NDU), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu tərəfindən, GEANT Assosiasiyası, İtaliyanın GARR şəbəkəsi və Estoniya Musiqi və Teatr Akademiyasının iştirakı ilə birgə konsert tədbiri təşkil olunub. Tədbir Avropa Komissiyasının dəstəklədiyi, GEANT Assosiasiyasının EaPConnect layihəsi çərçivəsində reallaşdırılan və real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyan LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin köməyilə baş tutub.

Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Əvvəlcə NDU-da LOLA sisteminin təqdimat mərasimində çıxış edən rektor dosent Elbrus İsayev bu tədbiri Azərbaycanın elmi və mədəni potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi, o cümlədən elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli mədəniyyət hadisəsi kimi qiymətləndirib.

Rektor fiziki olaraq bir-birindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirən LOLA audiovizual yayım sisteminin ölkəmizdə rəqəmsallaşma prosesinə dəstək verən unikal layihələrdən biri olduğunu və Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq istiqamətində yeni bir mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin sistemin universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, onlayn “incəsənət körpüsü”nün yaradılması baxımından böyük imkanlara malik olduğunu qeyd edib, NDU-nun Konservatoriyasında LOLA sisteminin imkanlarından geniş şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş etdirilib. Videomüraciətdə Azərbaycan dövlətinin uğurlu xarici siyasət strategiyası nəticəsində ölkəmizin beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyini, Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin genişləndiyini qeyd edən alim, məhz məqsədyönlü siyasətin nəticəsi olaraq, Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən EaPConnect layihəsi çərçivəsində Azərbaycanın elm və təhsil müəssisələrinə yüksəkkeyfiyyətli internet xidmətlərinin təqdim olunduğunu bildirib.

Akademik uzun müddətdir ki, İnformasiya Texnologiyaları İnstitutundan və Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərin NDU-da LOLA sisteminin quraşdırılması istiqamətində iş apardıqlarını və nəticə etibarilə, Naxçıvan Dövlət Universiteti və Bakı Musiqi Akademiyasının kollektivləri arasında LOLA sistemi vasitəsilə birgə konsert tədbirinin reallaşdırıldığını qeyd edib, bu əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib.

AMEA-nın vitse-prezidenti LOLA sisteminin mahiyyətinə toxunaraq bildirib ki, bu xidmətin əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən musiqiçilər və incəsənət nümayəndələri arasında internet vasitəsilə real zamanda virtual musiqi ifalarını təşkil etməkdir: “LOLA sistemi keyfiyyətli audiovizual əlaqə mühitini təmin etməklə musiqi və incəsənət sahəsində yeni bir texnoloji mühit və əməkdaşlıq imkanları yaradır. Bu sistem musiqiçilərin fiziki olaraq bir məkanda toplaşmadan, internet üzərindən birgə çıxışlar etməsinə imkan yaradır. Beləliklə, bu texnologiya musiqi sənətində sərhədləri aradan qaldıraraq, yaradıcılıq və əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”.

Alimin sözlərinə görə, NDU-da LOLA sisteminin istifadəyə verilməsi Naxçıvanın əsrlər boyu formalaşmış zəngin musiqi irsinin qlobal miqyasda tanıdılması üçün geniş imkanlar açmaqla yanaşı, bu ali təhsil müəssisəsinin Bakı Musiqi Akademiyası və digər musiqi qurumları ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq.

Akademik Rasim Əliquliyev çıxışının sonunda layihənin uğurla həyata keçirilməsində göstərdikləri dəstəyə görə Bakı Musiqi Akademiyası və Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və mütəxəssislərinə, GEANT Assosiasiyasına, eləcə də EaPConnect layihəsinin əsas tərəfdaşlarından olan Estoniya Musiqi və Teatr Akademiyasının nümayəndələrinə təşəkkürünü bildirib. Bu əməkdaşlığın davamlı olacağına və gələcəkdə yeni texnoloji yeniliklərə yol açacağına əminliyini ifadə edib.

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək tətbiq olunan yeni sistemin NDU-nun Konservatoriyasının imkanlarının genişlənməsinə, klassik musiqinin tədrisi və ifası istiqamətində fəaliyyətin daha səmərəli təşkili üçün böyük imkanlar açacağını vurğulayıb. Professor Fərhad Bədəlbəyli layihənin uğurla davam edəcəyinə inamını qeyd edib.

GEANT Assosiasiyasının EaPConnect layihəsinin meneceri İrina Metyus videomüraciət vasitəsilə çıxış edərək LOLA audiovizual yayım sisteminin tətbiqinin önəminə toxunub, sistemin müxtəlif qurumlar arasında əməkdaşlığı daha da genişləndirmək üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Daha sonra tədbirin bədii hissəsində LOLA sisteminin köməyilə Bakı Musiqi Akademiyası və NDU-nun Konservatoriyasının nümayəndələrinin iştirakı ilə birgə musiqi ifaları səsləndirilib.

Tədbirin sonunda çıxış edən dosent Elbrus İsayev birgə əməkdaşlıq çərçivəsində görülən işlərin Naxçıvanda mədəni mühitin daha da inkişafına töhfə verəcəyini deyib. Rektor, həmçinin layihənin reallaşdırılması və texniki dəstək göstərilməsi baxımından İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətini xüsusi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr