AZ

Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..


Müasir dövrdə iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdir.

İllər keçdikcə sadalanan bu problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Bir vaxt kiçik bir təbiət hadisəsi kimi izah olunan problemlər bu gün artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək proses kimi ciddi narahatlıq doğurur.

Ətraf mühitin qorunması hər bir şəxsin borcudur

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində (Sağlam ətraf mühitdə yaşamaq hüququ) göstərilir: “I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir”. Əsas Qanun 78-ci maddədə təsbit edir ki, “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur”. Konstitusiya müddəalarına uyğun olaraq Milli Məclis tərəfindən bu istiqamətdə zəngin hüquqi baza yaradılıb. 1997-ci ildə “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, 2000-ci ildə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, 2001-ci ildə “Atmosfer havasının mühafizəsi haqqında”, 2002-ci ildə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, 2014-cü ildə “Yaşıllıqların mühafizəsi haqqında” və s. qanunlar qəbul edilib. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı həyata keçirilib.

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olub

Ümumilikdə, Azərbaycanda son illərdə iqtisadi göstəricilər yüksəlib, bir çox istehsal sahələri müasirləşdirilib və yenidən qurulub. Nailiyyətlərin əldə edilməsi ilə sosial-iqtisadi göstəricilərin yüksəlməsi və bunun nəticəsində insanların rifahının daha da yaxşılaşması dövlət tərəfindən əsas prioritet kimi qəbul edilib. Bu prosesin həyata keçirilməsi üçün dayanıqlı inkişaf prinsiplərinin istifadəsi əhəmiyyətli amil kimi diqqətdə saxlanılıb. Azərbaycanda əvvəllər havanı, suyu və torpağı ciddi çirkləndirən mənbələr, xüsusilə Sumqayıt və Bakıda yerləşən yanacaq-energetika və neft-kimya komplekslərində köhnəlmiş texnologiyaların yenilənməsinə başlanılıb, qəza nəticəsində tez-tez dayanmalar aradan qaldırılıb, ətraf mühitin yaxşılaşdırılması məqsədilə çirkləndirici maddələr istehsalının qarşısı alınıb. Müasir texnologiyaların tətbiqi hesabına yüksək keyfiyyətli sənaye məhsulu istehsalına nail olunub. Bütün bunlarla yanaşı, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olub. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Hazırda Qarabağ regionunda və Şərqi Zəngəzurda bir sıra yaşayış məskənləri “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında qurulur, dağılmış ekosistem bərpa edilir. Dövlət səviyyəsində aparılan siyasət nəticəsində bərpaolunan enerji mənbələrinə, bu mənbələrdən yararlanmaqla, təmiz enerji - yaşıl enerji istehsalına da kifayət qədər diqqət yetirilir. 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. 2023-cü ilin oktyabr ayında Xəzər regionunda və MDB məkanında ən böyük Günəş Elektrik Stansiyası istismara verilib. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi sayəsində Avropaya yaşıl enerji ixrac edən əsas ölkələrdən biri olacaq.

Kəlbəcər və Laçında su elektrik stansiyalarının sayı 30-dan çox olacaq

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru doktoru Firdovsi Şahbazov bildirdi ki, son illər Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərdə “yaşıl enerji”nin inkişafına xüsusi önəm verir: “Ötən 4 il ərzində həmin ərazilərdə çoxsaylı bu kimi layihələr həyata keçirilir. Su elektrik stansiyaları tikilib və tikilməkdədir. Günəş elektrik stansiyaları tikilir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin 3 may 2021-ci il tarixli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulub. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Konsepsiyanın məqsədi Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz “yaşıl enerji” ilə təmin etmək enerji səmərəliliyinə malik “yaşıl texnologiya”ların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Azad edilmiş torpaqlarda genişmiqyaslı işlər çərçivəsində elektroenergetika sahəsinə böyük diqqət göstərilir. Bu ərazilərdə cəmi bir il ərzində 7 yarımstansiya yaradılıb. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının sayının 30-dan çox olacağı planlaşdırılır. Aparılmış dəqiq təhlillər nəticəsində məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Eyni zamanda ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Tərtərçay, Həkəri və bu çayların qollarında böyük hidroenerji potensialı var. Bütün bunlar işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinə töhfə verir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
0
baki-xeber.com

1Mənbələr