AZ

Ərdoğan Trampı Türkiyəyə dəvət edib

Ankara, 5 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Donald Trampla telefon danışığında Amerika liderini Ankaraya dəvət edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı ABŞ Prezidentini ölkəsinin ikitərəfli əməkdaşlığın, o cümlədən hərbi-sənaye kompleksinin genişləndirilməsi istiqamətində yeni addımlara hazır olduğuna əmin edib.

O, Donald Trampın dünyada müharibə və münaqişələrə son qoymaq təşəbbüslərini dəstəklədiyini bildirib, xüsusən də Amerika administrasiyasının İranla dialoq və Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması məsələsində səylərini alqışlayıb.

Türkiyə dövlətinin başçısı Yaxın Şərqdəki vəziyyətə də diqqət çəkərək Qəzza zolağındakı humanitar böhranın miqyasını “dəhşətli” adlandırıb.

Rəcəb Tayyib Ərdoğan fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb və Ankaranın əməkdaşlığa, atəşkəsə və uzunmüddətli sülhün təmin edilməsinə dair atılan addımları dəstəkləməyə hazır olduğunu qeyd edib.

Suriyadakı vəziyyətə toxunan Türkiyə Prezidenti Ankaranın qonşu ölkədə ərazi bütövlüyü və sabitliyi dəstəkləmək əzmini Ağ Evin rəhbərinin diqqətinə çatdırıb.

Siyasətçi Amerikanın Dəməşqə qarşı sanksiyalarının yumşaldılmasının Suriyadakı vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. “Sabit Suriya həm bölgədə, həm də bütün planetdə sülhə töhfə verəcək”, - deyə o qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
0
azertag.az

1Mənbələr