Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev tərəflərin birgə səyləri nəticəsində Polşa ilə əlaqələrin daha da inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Rzayev Bakıda Polşa Konstitusiyasının qəbulunun ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
“Azərbaycanla Polşa arasında münasibətlər yaxşı tarixi ənənələrə əsaslanır. Polşa Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyini ilk tanıyanlardan biri olub və o zaman Bakıda Polşanın konsulluq idarəsi fəaliyyət göstərib”, - o qeyd edib.
Nazir müavini polyakların ADR-in həyatında fəal iştirak etdiyini, XIX əsrin sonu-20-ci əsrin əvvəllərində Bakının memarlıq simasının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
“Polşalı mühəndislər həmçinin Azərbaycanın neft sənayesinin inkişafına töhfə veriblər. Müstəqilliyin bərpasından sonra Polşa ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələr qurulub. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan sıx əlaqələr qurulub, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq inkişaf edib”, - Rzayev bildirib.
O, 2017-ci ildə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin və iqtisadi əməkdaşlığa dair yol xəritəsinin imzalandığını, xarici işlər nazirlərinin ötən il BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşdüyünü və bu ilin əvvəlində telefon danışığı apardıqlarını xatırladıb.
“Bakıda həmçinin strateji tərəfdaşlığa dair məsləhətləşmələr də keçirilib. Bütün bunlar davam edən siyasi dialoqumuzun göstəricisidir. Ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Varşavadakı Azərbaycan Ticarət Evi və Bakıdakı Polşa Sərgi Evi də bu tərəqqiyə öz töhfəsini verir. Regionlararası əməkdaşlıq, humanitar sahədə, elm, mədəniyyət və təhsil sahələrində mübadilələr davam edir. 2023-2024-cü tədris ilində Polşada 4 minə yaxın azərbaycanlı tələbə təhsil alıb”, - o əlavə edib.