May ayının əvvəllərində Bakının bir sıra iri bazarlarında meyvə-tərəvəz qiymətlərində ciddi artım müşahidə olunur. Xüsusilə mövsümi məhsulların qiymətindəki bu dəyişiklik alıcıların narazılığına səbəb olub.
“Keçən il bu vaxtlar çiyələyi 2 manata alırdım, indi 5 manat istəyirlər. Heç kimin maaşı artmayıb, amma qiymətlər uçur,” – deyə "Vosmoy" bazarında alış-veriş edən Zümrüd Məmmədova narazılığını bildirir.
O, alça və əriyin də baha olduğunu deyir:
“Ərik 3 manat, alça 6 manat... Hələ mayın əvvəlidir, yayda nə olacaq bilmirik”.
Bazarda satıcılar isə qiymət artımının səbəblərini fərqli şəkildə izah edirlər. Satıcı Həsən Əliyevin sözlərinə görə, qiymətlərə təsir edən əsas amil məhsulun hələ tam bazara çıxmaması və daşınma xərclərinin artmasıdır: “Pomidoru Sabirabaddan gətiririk. Yolpulu, yanacaq baha başa gəlir. Üstəlik, məhsul çox deyil, ona görə də qiymət yüksəkdir. Biz də baha alırıq, baha satırıq”.
Hazırda paytaxt bazarlarında pomidorun qiyməti 1 manat 50 qəpikdən başlayaraq 5 manata qədər dəyişir. Xiyar 2 manata, yerli çiyələk 3 manat 50 qəpikdən 5 manata təklif olunur. Ərik 3 manata, alça 4-6 manat arasında satılır. Lobyanın qiyməti isə 6 manatdan başlayaraq 9 manata qədər yüksəlir. Nisbətən sabit qalan məhsullar arasında kartof (1 manat 50 qəpik) və soğan (1 manat 20 qəpik) yer alır. Amma alma kimi yerli məhsulların da qiymətində artım var – 1 manat 20 qəpikdən 4 manata qədər.
İqtisadçı-ekspertlər qiymət artımını həm mövsümi faktorlarla, həm də ümumi iqtisadi amillərlə əlaqələndirirlər. Onların sözlərinə görə, ilk növbədə məhsullar hələ bol deyil, bu da təklifi azaldır. Eyni zamanda, gübrə, toxum, yanacaq və daşınma kimi xərclər ötən illə müqayisədə artıb. Bu da son qiymətlərə təsir edir. İstehsalçılar və satıcılar bu xərcləri kompensasiya etmək üçün qiymətləri artırmağa məcbur qalırlar.
Ekspertlərin fikrincə, yay aylarında məhsul bolluğu ilə bağlı qiymətlərdə müəyyən enmə ola bilər, lakin bəzi məhsullar üçün bu gözlənilmir. Xüsusilə suvarmaya, daşımağa çox bağlı olan məhsullar – məsələn, pomidor, xiyar – yenə də nisbətən baha qala bilər.
Bəzi alıcılar isə alternativ axtarışındadır. “Marketlərdə qiymətlər bir qədər sabitdir, amma dad baxımından fərqlidir. Ona görə meyvə-tərəvəzi bazardan almağa çalışıram. Amma qiymətlər bu cür bahalaşsa, bəlkə də almayacam,” – deyə alıcı Rahim Əliyev bildirir.
Mövsümün əvvəlində yaşanan bu bahalaşma əhalinin daha da ehtiyatla alış-veriş etməsinə səbəb olub. Satıcılar məhsulun daha da artacağını, qiymətlərin isə yaxın həftələrdə bir qədər tənzimlənəcəyini desələr də, alıcıların narahatlığı davam edir.