"Wings for Life World Run" adlı qlobal xeyriyyə qaçışı 12-ci dəfə Bakıda keçirilib.
Offsideplus.az xəbər verir ki, mayın 4-də baş tutan yarışda məqsəd – onurğa beyni zədələrinin müalicəsi üçün çarə tapılması istiqamətində aparılan tədqiqatlara dəstək verməkdir.
Bu il 191 ölkədən 310 719 iştirakçı eyni vaxtda – Bakı vaxtı ilə saat 15:00-da start götürərək növbəti rekordu müəyyənləşdirib. Bakıda keçirilən App Run tədbirində 254 nəfər iştirak edib. Kişilər arasında Kamran Şərifov 20 460 metr məsafə qət edərək birinci olub, qadınlar arasında isə Nataşa Şiyanova 18,43 km nəticə ilə liderlik edib. Qlobal nəticələrə gəldikdə isə, kişilər arasında yaponiyalı Jo Fukuda 71,67 km məsafə qət edərək yeni dünya rekordu qırıb və ümumi qalib olub. Qadınlar arasında isə Almaniyalı Esther Pfeiffer 59,03 km nəticə ilə ölkəsinin ilk qlobal çempionu adına sahib çıxıb. Bu, qadınlar arasında tarixdə ikinci ən yüksək nəticə hesab olunur.
Wings for Life World Run tədbirinin əsas özəlliyi – ənənəvi finiş xəttinin olmamasıdır. Startdan 30 dəqiqə sonra bəzi ölkələrdə real, bəzilərində isə virtual olan Catcher Car (yaxalama avtomobili) iştirakçıların arxasınca hərəkətə keçir. Qaçanlar, yeriyənlər və əlil arabasında olan iştirakçılar bu hərəkətli finiş xəttinə yaxalanmazdan əvvəl mümkün qədər çox məsafə qət etməyə çalışırlar. Catcher Car onlara çatdıqda isə onların yarışı başa çatmış sayılır.
Bu il iştirakçılar dünya üzrə orta hesabla 12,4 km məsafə qət etdilər ki, bu da ekvator ətrafında 64 dövrəyə bərabərdir. Nəticədə 8,6 milyon avro məbləğində rekord ianə toplanıb və əvvəlki illərdə olduğu kimi, vəsaitin 100%-i Wings for Life Onurğa Beyni Tədqiqatları Fondu tərəfindən dəstəklənən elmi tədqiqatlara və klinik sınaqlara yönəldilir.
Wings for Life Fondunun baş direktoru Anita Gerhardter bildirib:
"Bütün dünya eyni məqsəd üçün bu qədər sevgi və enerji ilə bir araya gəldi! 310 719 iştirakçı və 8,6 milyon avro! Siz bu hərəkatın ilham mənbəyisiniz. 2026-cı il mayın 10-da yenidən görüşərik!"
2014-cü ildən bu yana 1 870 253 nəfər Wings for Life World Run-da iştirak edib və ümumilikdə 60,53 milyon avro toplanıb. Bu vəsait hesabına 324 elmi tədqiqat və klinik layihə dəstəklənib.