Məhərrəm Zülfüqarlı: “Trampın faşizm üzərində qələbənin ildönümünün 8 mayda keçirilməsi barədə sərəncam verməsi daha düzgün, məntiqli və daha ədalətlidir”
ABŞ prezidenti Donald Tramp noyabrın 11-i və mayın 8-ni Birinci və İkinci dünya müharibələrində qələbə günü elan edib. Bu barədə o, “Truth Social” səhifəsində yazıb.
“Mən 8 mayın adını İkinci dünya müharibəsində qələbə günü, 11 noyabrın isə I dünya müharibəsində qələbə günü kimi dəyişdirirəm. Birləşmiş Ştatlar İkinci dünya müharibəsində qalib gəlmək üçün digər ölkələrdən daha çox şey edib. Cəsarət, güc və hərbi məharətdə heç kim amerikalılara yaxın gələ bilməyib”, - deyə o bildirib.
Tramp niyə mayın 8-ni qələbə günü elan edib? Tarix bu haqda nə deyir? Tramp nəyə əsaslanıb qələbə günü kimi 8 mayı seçib?
“Gestaponun bukorpusu mayın 8-də məğlub edildikdən sonra faşist Almaniyası təslim olmaqları barədə sənədə qeyd-şərtsiz olaraq imza atdı”
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ prezidentinin yanaşması tamamilə tarixi gerçəkliyə uyğundur. “İkinci Dünya müharibəsi hadisələrlə zəngindir. Konkret alman faşizmi üzərində qələbəyə gəlincə, buna bir qədər fərqli yanaşma var. Yəni müharibədə SSRİ-yə müttəfiq olan Amerika, Fransa və İngiltərə ilə Rusiya arasında bu məsələyə münasibət eyni cür deyil. İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də başlayıb, 1945-ci ilin 2 sentyabrında başa çatıb. Yəni sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb, 1945-ci ilin 2 sentyabrında isə militarist Yaponiyanın məğlubiyyəti, o sənədə qeyd-şərtsiz imza atması ilə başa çatıb.
Qaldı mayın 8-i və 9-u məsələsinə, faşist Almaniyasının paytaxtı Berlin şəhəri mayın 2-də təslim olub. Lakin Çexoslovokiyada Gestaponun böyük bir korpusu müqavimət göstərdiyinə görə mayın 2-si günü tam qələbə sayılmadı. Gestaponun bukorpusu mayın 8-də məğlub edildikdən sonra faşist Almaniyası təslim olmaqları barədə sənədə qeyd-şərtsiz olaraq imza atdı. Sovet İttifaqı isə mayın 9-nu qələbə bayramı kimi göstərib”.
M.Zülfüqarlı qeyd etdi ki, 1965-ci ilə qədər qələbə bayramı qeyd olunmayıb, 9 may SSRİ-də iş günü olub: “Brejnevin vaxtında, 1965-ci ildən başlayaraq 9 May bayram olaraq qeyd olunub, parad keçirilib və qeyri-iş günü hesab edilib.
Qaldı indiki məsələyə, Putinin məqsədi 9 mayda parad keçirtmək, bir sıra ölkələrin dövlət başçılarını da dəvət edib güc nümayiş etdirməkdir. Burda da əsas məqsədi hazırda gedən Rusiya-Ukrayna müharibəsində öz üstünlüyünü sübut etmək və uzun müddət aparılan müharibədə də etdiyi cinayətləri ört-basdır etməkdir. Deyirlər ki, qaliblər mühakimə olunmur. Məqsəd gələcəkdə qalib kimi müharibədən çıxmaqla özünün mühakimə olunmasına imkan verməməkdir. Ona görə də, ABŞ başda olmaqla, Qərb ölkələri faşizm üzərində qələbəni 8 mayda - saziş imzalanan gündə qəbul edirlər və həmin gün də bayram edəcəklər.
Həm hüquqi, həm məntiqi cəhətdən ABŞ-ın, Qərb ölkələrinin qeyd etdiyi tarix düzdür. 9 may isə SSRİ-nin özündən uydurduğu bir tarixdir. 9 mayda heç bir hadisə olmayıb. Sadəcə olaraq SSRİ rəhbərliyi mayın 8-də bağlanmış sazişdən sonrakı günü- 9 mayı qələbə günü élan edib.
Trampın faşizm üzərində qələbənin 8 mayda keçirilməsi barədə sərəncam verməsi daha düzgün, məntiqli və daha ədalətlidir”.
Sovet dövrü tarixinin saxtakarlıqlarla dolu olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, faşizm üzərində qələbənin 9 mayda qeyd edilməsi də bu saxtakarlığın bir parçasıdır. “Berlinin tutulması, Reyxstaqa bayraq sancılması özü də saxtakarlıqdır.Söhbət nədən gedir? Yəni Berlinə, Reyxstaqa mayın 2-də bayraq sancılması hadisəsi tarix kitablarında təhrif olunub və göstərilib ki, guya Yeqorov soyadlı rus və Kantariya soyadlı gürcü ora bayraq sançıblar. Bu da hadisənin tamamilə saxtalaşdırılması deməkdir. Reyxstaqa bayraq asanlar isə qazax və tatar millətindən olan iki nəfər olub. O barədə geniş yazılar da var. Sadəcə Stalin gürcü olduğuna və müharibədə qələbə qazanıldığına görə bunlar baş verib. Stalinin göstərişi ilə bu tarix saxtalaşdırılıb, əsl qəhrəmanlar qeyd olunmayıb. Çünki elə nəzərdə tutulmuşdu ki, Reyxstaqa bayraq asanlar Sovet İttifaqı qəhrəmanı adı alacaqlar. Əsl qəhrəmanlara o adı verməyiblər, iki nəfər saxta qəhrəman ortaya çıxardılar. Sonra operatorları aparıb saxta film də çəkiblər, guya döyüşlər bu cür gedib və Yeqanov və Kantariya guya ora bayraq sancıblar. Əlbəttə, gərgin döyüşlərdə çəkiliş aparmaq o zaman heç yada düşmürdü. Bu sonradan səhnələşdirilmiş bir veriliş idi. SSRİ tarixinə salınmışdı.
SSRİ tarixinin saxtkarlıqlarından biri faşizm üzərində qələbənin 8 may deyil, 9 mayda qeyd olunmasıdır ki, bu da indiki dövrdə Putin tərəfindən Sovet saxtakarlığının davam etdirilməsidir. Bu saxtakarlıqlar tək bu məsələ ilə bağlı deyil, başqa hadisələrdə də özünü göstərir. Bunun heç bir təsdiqi, hüququ əsası da yoxdur”-deyə M.Zülfüqarlı qeyd etdi.
Qeyd edək ki, müasir Azərbaycan tarixçilərinin araşdırmaları nəticəsində məlum olub ki, 1945-ci il may ayının 2-də Berlinə, Reyxstaqa bayraq sancan azərbaycanlı Mirzə Hüseynov olub.
Tarixçilərimizə görə, 1945-ci il mayın 2-də azərbaycanlılardan ibarət Taqanroq diviziyası Berlinə daxil olub və orda onlar böyük şücaətlər göstəriblər. Brandenburq qapısı üzərinə bayrağı isə azərbaycanlı Ələkbər Məcidov sancıb.
İradə SARIYEVA