BAKI, 5 may. TELEQRAF
“Azərbaycan mediasında "TEKNOFEST ŞKTC"nin (Şimali Kipr Türk Cümhuriyyəti) günlərlə manşetlərdə yer alması bizim üçün yalnız xəbər dəyəri daşıyan bir hal deyil. Bu maraq, Azərbaycan xalqının Kipr Türk xalqına qəlbdən bağlılığının və qardaşlığa olan səmimi inamının güclü göstəricisidir”.
Bunu Teleqraf-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel deyib.
Baş nazir Azərbaycan-ŞKTC münasibətlərinin çatdığı yüksək səviyyəyə və mədəni-strateji qardaşlığın gücünə diqqət çəkib.
Baş nazir bildirib ki, Azərbaycan ilə ŞKTC arasındakı münasibətlər yalnız diplomatik səviyyədə deyil, çoxşaxəli bir qardaşlığa əsalanır: “Bu gün ŞKTC universitetlərində təhsil alan azərbaycanlı tələbələr var. Qarşılıqlı tələbə mübadiləsi, akademik əməkdaşlıqlar və ali təhsil layihələri ilə bu əlaqələr daha da güclənir. Digər tərəfdən, turizm sahəsində də ortaq tanıtım kampaniyaları, qarşılıqlı səfərlər və mədəni proqramlar münasibətlərimizə yeni dinamizm gətirib".
Baş nazir qeyd edib ki, TEKNOFEST-in bu inkişafa verdiyi töhfə yalnız texniki sahə ilə məhdudlaşmır, mədəni aspekt də olduqca önəmlidir: “Açılış və bağlanış mərasimlərində çıxış edən Azərbaycan xalq rəqsləri qrupları ortaq mədəni irsimizin bir təzahürüdür. Festival boyunca aramızda olan millət vəkili Ramil Həsən, onun heyəti və digər azərbaycanlı qardaşlarımız da bu əlaqələrin həm dövlətlər, həm də xalqlar səviyyəsində nə qədər dərin olduğunu bir daha ortaya qoydu. Biz bu birliyi yalnız bir tədbir çərçivəsində deyil, gələcəyə birgə addımlamaq iradəsinin güclü ifadəsi kimi görürük”.
Baş nazir Avropa İttifaqının illərdir Kipr Türk xalqına qarşı həyata keçirdiyi haqsız təzyiqlərə və izolasiya siyasətlərinə qarşı Azərbaycanın sərgilədiyi açıq və prinsipial mövqeyi də xüsusi vurğulayıb:
“Avropa İttifaqı rum tərəfinin tələblərinə boyun əyərək Kipr Türk xalqını təcrid etməyə çalışarkən və Türk dövlətləri üzərində təzyiqləri artırarkən, Azərbaycan dövləti həm siyasi sahədə, həm də çıxışlarında Kipr Türk xalqının yanında olub. Prezident İlham Əliyevin ŞKTC-nin tanınmasını dəstəklədiklərini bildirməsi sadəcə siyasi mesaj deyil. Bu mövqe, qardaşlığın və millətin ortaq səsi kimi tarixə keçib. İlham Əliyevə bu şərəfli duruşuna görə xalqım və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm".
Baş nazir Azərbaycan mediasının bu prosesə göstərdiyi diqqəti də yüksək qiymətləndirib: “Bu mesajım yalnız adaya gələn jurnalistlərə deyil, ümumilikdə Azərbaycan mediasınadır. ŞKTC-nin Azərbaycan mediasında geniş şəkildə yer alması, dünyaya səsimizi çatdırmaqla yanaşı, bizə mənəvi güc də qazandırıb. Azərbaycan xalqının və mediasının dəstəyini daim yanımızda hiss edirik. Bu birlik yalnız bu günə deyil, sabahlara yön verən bir qardaşlıqdır”.
Sonda isə qarşılıqlı səfərlərin və təmasların getdikcə artdığını qeyd edən Baş nazir Ünal Üstel bu yaxınlaşmanın Türk dünyasına da ilham verdiyini bildirib: “Bu il bizim heyətlərimiz Azərbaycana səfər etdilər, eyni zamanda Azərbaycandan gələn qardaşlarımız da bir çox tədbirdə bizimlə birlikdə oldular. Mədəni, akademik və iqtisadi sahələrdəki bütün təmaslar təkcə iki dövləti deyil, bütün Türk dünyasını daha da gücləndirəcəkdir. Biz bir millətin üç qardaş dövlətiyik. Bu söz olaraq deyil, əməl olaraq da həyata keçirilir. Bu qardaşlıq böyüyür, kök salır və sabahın Türk dünyası vizyonuna istiqamət verir".