AZ

Kənan Novruzov: “Moskvanın addımları bəyanatlarla üst-üstə düşmür”

“Rusiya hər zaman Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib. Bu yanaşma yalnız Vətən müharibəsindən sonrakı dövrlə məhdudlaşmır; Rusiya, ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi illərdə də bu məsələdə aktiv mövqe nümayiş etdirib. Münaqişənin müxtəlif mərhələlərində, o cümlədən Vətən müharibəsindən sonra da Moskva prosesin əsas iştirakçılarından biri olub. Bununla belə, Rusiyanın bu proseslərdə nə dərəcədə səmimi olduğu, verdiyi bəyanatlarla faktiki addımlarının nə qədər üst-üstə düşdüyü hələ də mübahisə doğuran məsələdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “168 jam” qəzetinə müsahibəsində bildirib ki, Qərbdəki rusofob dairələr Ermənistanı Rusiya ilə qarşıdurmada “ikinci cəbhə”yə çevirməyə çalışırlar. O, ümid etdiyini bildirib ki, Ermənistan bu cəhdlərə imkan verməyəcək və Avrasiya inteqrasiyası prosesində iştirakını təhlükə altına atmayacaq. Kopırkin əlavə edib ki, Cənubi Qafqazda sabitlik və firavanlığın açarı inklüziv dialoq və xarici təsirlərin neytrallaşdırılmasıdır. Diplomat bu kontekstdə “3+3” əməkdaşlıq formatını önəmli hesab etdiklərini və bu təşəbbüsə fəal dəstək verdiklərini vurğulayıb.

Siyasi şərhçinin fikrincə, Rusiyanın yanaşması, adətən, regiondakı geosiyasi maraqları kontekstində formalaşır.

“Başqa sözlə, Moskva sülh və sabitliyi yalnız bu amillər onun milli maraqları ilə uzlaşdığı hallarda dəstəkləyib. Əgər müəyyən mərhələdə regionda sabitliyin təmin olunması Rusiya üçün faydalı olubsa, bu zaman o, normallaşma prosesinə dəstək verib. Əks təqdirdə isə daha çox status-kvonu qorumağa yönəlmiş siyasət yürüdüb. Hazırkı mərhələdə vəziyyət bir qədər fərqlidir. Moskva, əvvəlki dövrlərdən fərqli olaraq, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına açıq şəkildə qarşı çıxmır. Bu, ilk növbədə, sülh sazişinin artıq “yetkinləşmiş” bir məsələ olması və Azərbaycanın bu istiqamətdə konkret siyasi iradə nümayiş etdirməsi ilə bağlıdır. Rusiya anlayır ki, bu prosesi əngəlləməkdən daha çox, onun iştirakçısı olmaqla regiondakı nüfuzunu qoruyub saxlamaq daha məqsədəuyğundur. Digər mühüm amil isə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlikdir”.

Siyasi şərhçi daha sonra əlavə edib ki, hazırda Qərb ölkələri, o cümlədən Avropa İttifaqı, Ermənistandan Rusiyaya qarşı geosiyasi alət kimi istifadə etməyə çalışır:

“Bu isə Moskva üçün əlavə təhlükə mənbəyi yaradır. Belə bir vəziyyətdə Cənubi Qafqazda yaranacaq növbəti gərginlik potensial olaraq Rusiyaya ikinci cəbhədə zərbə vurmaq riskini artırır. Moskva bu riski dərk edərək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək göstərməklə, bir növ preventiv tədbirlər görür. Məqsəd, Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasının qarşısını almaq və Ermənistan tərəfdən gələcək potensial təhlükələri neytrallaşdırmaqdır. Bu kontekstdə nə Ermənistan, nə də Azərbaycanla münasibətlərin pisləşməsi hazırda Rusiyanın maraqlarına uyğun deyil”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
0
aznews.az

1Mənbələr