Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Daha sonra Azər Badamov başqa bir reyslə Azərbaycana qayıdıb. Heç bir bildiriş olmadan Azərbaycan deputatına qarşı atılan bu addımın arxasında nələr dayanır? Deputatın ölkəyə girişinə hansı səbəbdən qadağa qoyulub? Bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır? Azərbaycan nümayəndə heyətinin tərkibində səfərdə iştirak edən Milli Məclisin deputatı Elman Nəsirov 1news.az-a açıqlamasında bildirib ki, bu hadisənin baş verməsi gözlənilməz oldu. “Biz ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak məqsədi Rusiyanın Həştərxan şəhərinə gedirdik. . Əvvəlcədən deyim ki, Azər Badamovun hava limanında üzləşdiyi hadisənin səbəbini və məğzini başa düşmək üçün nə qədər çalışsaq da, əlimizdə konkret informasiya olmadı. Moskvada hava limanında pasport nəzarətindən keçdik, hər şey qaydasında idi. Təxminən Həştərxana uçuşa 45 dəqiqə qalmış, sərhəd xidmətinin iki əməkdaşı bizə yaxınlaşaraq Azər Badamova xitabən dedi ki, Rusiyaya girişinizə "stop" qoyulub, bunu araşdırmalıyıq. Mən sərhədçilərə “Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və MDB-də dostluq qrupunun üzvüdür” deyərək, hadisənin səbənini soruşdum, bizə texniki problem, kompüterdə nasazlıq və bu kimi anlaşılmaz izahatlar verildi. Bildirildi ki, səbəb yerində araşdırılacaq və daha sonra bizə məlum olacaq. Sonradan deyildi ki, bu, guya təhlükəsizlik məsələləri ilə bağlıdır. Lakin hansı təhlükəsizlik məsələsi? Hansı əsasla bu qərar verilib? Azər Badamov nə edib ki, geri qayıtmalıdır? Bunu bizə izah edən olmadı. Yekun olaraq bizə bildirildi ki, Azər Badamov geri qayıtmalıdır. Elə ilk reyslərin biri Azər Badamov Bakıya qayıtdı. E.Nəsirov deyib ki, daha sonra onlar nümayəndə heyəti ilə Həştərxana doğru yollarını davam etdirdilər. “Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər nümayəndələrlə biz yolumuza davam etdik. Moskvada belə bir insidentlə qarşılaşmağımıza baxmayaraq, tədbirlərin keçiriləcəyi şəhərdə bizi yüksək səviyyədə qarşıladılar. Həştərxana vilayətinin vitse-qubernatoru və hökumətin rəhbəri səviyyəsində qarşılandıq. Vilayət rəhbərliyi, müxtəlif səviyyələrdə rəsmilər hamısı bizi hörmətlə qarşıladı. Biz Həştərxanda Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə tədbirdə olmalıyıq, ağacəkmə kampaniyası təşkil olunacaq. Həm Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri, həm də yerli hökumət rəsmiləri ilə görüşlərimiz planlaşdırılıb. Biz bu görüşlər vasitəsilə yaranmış anlaşılmazlığın səbəblərinə aydınlıq gətirəcəyimizə ümid edirik. Xarici işlər nazirliyimiz də bu məsələ ilə bağlı mövqeyini bildirib. Hadisə bazar günü baş verdiyindən ola bilər ki, Rusiya tərəfindən operativ reaksiya vermək mümkün olmayıb. Lakin artıq bu məsələ ilə bağlı aidiyyəti qurumlar işləyirlər. Biz inanmaq istərdik ki, bu anlaşılmazlığın səbəbləri araşdırılacaq və bizə təqdim olunacaq”. O, bildirib ki, nümayəndə heyətinin Bakıya qayıtmasına ehtiyac görülməyib. “Bizim səfərimizin səbəbi, motivi başqadır, buraya Ulu öndər Heydər Əliyevin 102-ci doğum günü ilə bağlı tədbirlərdə iştirak üçün gəlmişik. Burada Heydər Əliyevə olan böyük ehtiramın şahidi oluruq. Biz səfərimizi davam etdirmək, əslində yaranmış sualların cavablandırılmasına da töhfə verə bilərik. Dövlət qurumlarımız bu məsələlərlə məşğuldur və biz öz fəaliyyətimizi davam etdiririk. E.Nəsirov deyib ki, deputat Azər Badamova qarşı sərhədçilər çox nəzakətli davrandılar. “Baş vermiş hadisəyə görə üzrxahlıq edirdilər. Başqa cür olar olada bilməz, Azər Badamaov Azərbaycan Respublikasının deputatıdır. Heç bir təzyiqdən söz gedə bilməz. Hadisənin şahidi kimi deyirəm ki, başqa heç bir problem yox idi. Hər şey nəzakətli şəkildə, qarşılıqlı anlaşma mühitində baş verdi. Sadəcə olaraq, “stop” qoyulmasının səbəbi bizə açıqlanmadı və bu məsələ hələ də araşdırılır. Təhlükəsizlik məsələləri deyilsə, konkret fakt göstərilməlidir”. “Azər Badamovun Rusiya ilə bağlı mətbuatda gedən şərhlərinə görə onun ölkəyə girişinə qadağa qoyulması ilə bağlı da suallarımıza da cavab verilmədi” – deyə deputat əlavə edib: “Azər Badamov ötən gün yaşanan hadisədən 10-15 gün əvvəl tədbirlə bağlı Rusiya Federasiyasının Dağıstan vilayətində olub. Orada da heç bir analaloji vəziyyətdə qarşılaşmayıb. Mən özüm də Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanı təndiq edən açıqlamalar, müsahibələr vermişəm. Cənab Prezidentin bu məsələdə prensipial mövqeyini dəstəkləyərək fikirlərimizi ifadə edirdik. Əgər deputat həmkarımın Rusiyaya girişinə qadağa qoylmasının arxasında Rusiya-Azərbaycan münasibətlərində hər hansı bir ciddi anlaşılmazlıq dayanırsa, bu, geniş ictimaiyyətə açıqlanmalıdır. Amma mən hesab edirəm ki, əgər doğrudan da belə bir gərginlik olsaydı, biz bu səfərdə indiyədək bu qədər isti qarşılanmazdıq”.