AZ

Bu, sadəcə Azər Badamov məsələsi deyil, Azərbaycan məsələsidir!

Deputat Azər Badamovun deportasiya qərarı heç də sıradan bir hadisə deyil, ölkəmizə qarşı nöbəti pislikdir. Bu pisliyii kim düşünüb, kim həyata keçirib, fərqi yoxdur, Rusiyanın adına yazılır. Bu fakt 2022-ci ilin 22 fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhuna ziddir.

Söhbət sıradan bir şəxs, adi vətəndaşdan getsəydi, fakta hansısa don geyindirə bilərdilər. Əslində belə hallar kifayət qədərdir, sadəcə gözə görünmür. Azərbaycan vətəndaşlarını hətta qanunsuz olaraq Ukrayna cəbhəsinə məcburən aparmağa cəhd göstərilməsinin də şahidi olduq son illərdə...Amma burada Azərbaycan Milli Məclisinin üzvündən, millət vəkilindən gedir. Eyni zamanda Azər Badamov YAP İdarə Heyətinin üzvüdür. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavinidir.

Digər tərəfdən, Azər Badamov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Yəni o, Rusiya üçün heç də “yad” deputat deyil və adıçəkilən platformalar çərçivəsində vaxtaşırı bu ölkəyə səfərlər edib. Elə son hadisədən 10 gün əvvəl də Badamov Rusiyada, Dağıstanda olub. Əgər “qara siyahıda” idisə, necə olub Dağıstana sərbəst şəkildə gedib-gələn Azər Badamovun Həştərxana uçuşuna izn verilməyib və deport edilib? Özbaşınalıqdırmı? Təbii ki, yox. Kimsə deyə bilər ki, Rusiya böyük dövlətdir, hər şey prezidentin nəzarətində ola bilməz və sair. Onu da qəbul edirik ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa, gərginlik yaratmağa çalışan kifayət qədər qüvvələr var. Burada Qərb emissarlarının da, ermənilərin varlığını da nəzərə alırıq. Amma Azərbaycanın ali qanunverici orqanının təmsilçisinin, hakim partiyanın İdarə Heyətinin üzvünün ölkəyə girişinin yasaq edilməsi kiminsə özfəaliyyəti ilə reallaşan iş deyil, burada dövlət qurumunun qərarı var. Belə çıxır ki, Kələntəryanın – Lavrovun “erməni damarı” yenə də qan fışqırmağa başlayıb və Mariya Zaxarova da onun təlimatını can-başla icra edib.

Azər Badamovun adının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi Rusiya XİN-in funksiyasına daxildir və bu qurumun başında duranlar da məlum. Hər iki şəxsin Azərbaycana gerçək münasibətini Qarabağ işğalda olarkən çox görmüşük. Amma bəs Rusiya prezidenti səviyyəsində məsələyə niyə reaksiya yoxdur? Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Prezidentin İlham Əliyevin qəti və prinsipial mövqeyi nəticəsində Vladimir Putin şəxsən üzrxahlıq etdi, daha sonra münasibətlərin normallaşdırılması istiqamətində qarşılıqlı addımları müşahidə edirdik.    

Azərbaycan Badamovun deportasiyasından cəmi bir gün qabaq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizə səfər etmiş Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmüşdülər.

Prezident görüşdə bildirmişdi: “Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir”.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill isə öz növbəsində “Niyə gizlədim ki, hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan” demişdi. Kiril bunu da bildirmişdi: “Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz”.

Görüşdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etmişdi.

Yəni bu xoş görüşün ardınca Azərbaycan parlamentinin üzvünün Moskvadan geri qaytarılması haqlı suaıllar doğurur. İlk növbədə “qısa zamanda nə baş verdi”, sualına cavab almaq istəyirsən. Çünki A.Badamovun səfər yoldaşı deputat Elman Nəsirovun sözlərinə görə, həmkarını deportasiya edənlər bunu təhlükəsizliklə əlaqələndiriblər. Kimin təhlükəsizliyi, onu da deməyiblər. Beləcə, Rusiya baş verənlərə izahat verməyərək müəmmalı davranış sərgiləyir.

İddialardan biri budur ki, Kreml bu ilin fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyeva haqlı cavabına görə Azər Badamovun adını “qara siyahı”ya salıb. Ancaq əgər bu, doğrudursa, o halda Rusiya XİN rəsmi açıqlama verməli idi. Əgər ötən üç ay ərzində belə bir qərar olubsa belə, necə olub Badamov bundan əvvəl Dağıstana rahat gedib-gələ bilib?

Digər tərəfdən, Duma üzvü Valuyev Azərbaycan xalqını və dövlətini təhqir etmişdi, A.Badamov isə onun cavabını vermişdi, təbii ki, Rusiya dövlətinə qarşı hər hansı qeyri-etik ifadələrə yol vermədən. “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”, cavabından incimək yox, Azərbaycana həqarət yağdıran şəxsi cəzalandırmaq lazım idi.

Deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan “Velikorus şovinizmi”nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırmışdı. Azər Badamov beləsinə “sağ ol”, deməliydimi?!

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikası Milli Məclisinin üzvünün Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı yerli medianın suallarına cavab verib. Bildirib ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. “Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, XİN rəsmisi bildirib. Hələlik izahat yoxdur və verilməməsi anormallıq olmaqla yanaşı, qeyri-dost münasibətdir. Rusiyanın öz qonaqlarına gerçək münasibətini ötən ilin 25 dekabrında gördük – mülki təyyarəmiz vurulanda...Bu dəfə də Azərbaycanın Azər adlı deputatına münasibətdə belə “qonaqpərvərlik” göstərildi. Təyyarə olayında olduğu kimi, bu dəfə də susurlar. Deputata qarşı bu hörmətsizliyə görə nə üzrxahlıq var, nə də hansısa açıqlama...Azərbaycan XİN-in “qeyri-dost” qiymətləndirməsi əslində çox şey deyir.

Diqqət edin, 2025-ci ilin martında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasına rəsmi səfərə gəlib, Prezident İlham Əliyevlə, Milli Məclisin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşüb. Matviyenkonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılamışdı. Azər Badamovun deportasiyası bu cür  qarşılanmaya və yüksək səviyyəli qəbullara cavabdır? Yeri gəlmişkən, Matviyenko Sahibə Qafarovaya Rusiya Federasiyasının “Dostluq” ordenini təqdim etmişdi. Spikerlərin görüşündə Sahibə Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunmuşdu. Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasnın rolu vurğulanmışıdı. O komissiyanın ki, orada Azər Badamov da təmsil olunur. Deməli, Badamov xidmətinin “mükafatı”nı bu şəkildə alıb?

Rusiya Federasiya Şurasının sədri isə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirərək, bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişdi. Və...Azər Badamov H.Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı tədbiqlərdə iştirak etmək üçün Həştərxana gedirdi...Deməli, son təxribat təkcə ona qarşı düşünülməyib...  

Fevral ayında Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlərə görə ölkəmizə girişinə qadağa qoyulan Nikolay Valuyevə etiraz etdiyi üçün A.Badamov “arzuolunmaz şəxslər” siyahısına daxil edilmişdisə, bu barədə Duma sədri də məlumat verə, sözügedən komissiyada, yaxud digər platformalarda onun başqa deputatla əvəzlənməsinin məqsədəuyğun olduğunu vurğulaya bilərdi. Hətta bu, anormal görünsə belə...Amma olmayıb. Özü də Azərbaycan XİN-in “qara siyahı”ya saldığı təkcə Valuyev deyil ki... Azərbaycana qarşı fəaliyyət göstərən, əsasən da Rusiyanın hakim partiyası “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləri olanlar var bu sırada.

Heç bir xəbərdarlıq olmayıb. Hətta aprelin sonlarında Bakıda olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də bu haqda heç nə deməyib.

Deməli... Krılovsayağı vəziyyət yaradılır yenə də... Bəlkə... “Rus evi” söhbətinə be şəkildə qarşılıq veriblər...Amma Azərbaycan hüquqi dövlətdir, unutmasınlar! Olmaya...Ötən həftə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov demişdi ki, ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri Azərbaycanın media resurslarına edilən hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib - bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Olmaya bu fakt və əsaslandırılmış həqiqət şimal qonşumuzun xətrinə dəyib?..Bəlkə istəyrlər təhlükəsizliyimizə təhdid yaratdıqları zaman da açıb-ağartmayaq? Yox, Azərbaycan ciddi dövlətdir və onunla belə davranmaq olmaz, kimliyindən, miqyasından asılı olmayaraq! Diqqətli olsunlar və üzr istəsinlər: bu, sadəcə Azər Badamov məsələsi deyil, Azərbaycan məsələsidir!

Elşad Paşasoy

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr