Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, millət vəkili Vüqar Bayramov Mülki Prosessual Məcəlləyə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbacyanda da fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və bu, sözügedən məcəllədə öz əksini tapa bilər:
“200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim".
Məsələ ilə bağlı Bakupost.az -a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyev bildirib ki, məbləğdən asılı olmayaraq, borc ödənilmədikdə və ya borclunun borcunu ödəmək imkanı sübuta yetirildikdə məhkəmə qərarı əsasında onun ölkədən çıxışına qadağa qoyula bilər. Bu zaman borcun məbləğı önəm daşımır:
"Borcun məbləğı az olsa belə, o borc elə əhəmiyyətli xarakter daşıya bilər ki, o zaman borcluşəxsin ölkədən çıxışına qadağa qoyulması zəruri olar. Məsələn, vətəndaş aliment ödəmirsə, onun borcu 200 manat və ya daha aşağıdırsa, belə şəxslərin ölkədən çıxışına məhdudiyyətlərin qoyulması zəruridir. Çünki burada uşağın mənafeyi üstün tutulur. Bu, borcun ödənilməsi zəruri əhəmiyyət daşıyır"
Kredit borclarına gəlincə, hüquqşünas bildirib ki, bəzən bir sıra şəxslər bu borcu ödəməkdən boyun qaçırmaq üçün ölkədən çıxmağı üsütün tuturlar:
"Tutaq ki, vətəndaşın 200 manat kredit borcu var və onu uzun müddətə hər ay ödəməlidir. Bundan yayınmaq üçün vətəndaş ölkədən çıxmağa çalışır. Bunu nəzərə alaraq banklar və icra orqanları belə insanların ölkədən çıxışına qadağa qoyur. Bunu onlara bir təzyiq vasitəsi kimi seçir. İnsanlar bilməlidirlər ki, əgər onlar bir öhdəlik görürüblərsə, onu yerinə yetirməlidirlər”.
Ə.Nuriyev qeyd edib ki, borcu olan şəxslərin ölkədən çıxışına qadağa qoyulan zaman onlara bu barədə rəsmi xəbərdarlıq edilməlidir. Vətəndaş bilməlidir ki, onun barəsində məhdudiyyət tədbirləri var və bu nə ilə əlaqədardır. Çünki bəzi hallarda vətəndaş hər hansı bir ölkəyə gedən zaman hava limanında ona məlum olur ki, borcu var:
“Düzdür, bəzi portallarda bununla bağlı məlumatlar var. Məsələn, Ədliyyə və Daxili İşlər Nazirliklərinin portalında görünür ki, kimin borcu var, ya yox, o borun həcmi nə qədərdir. Amma bir sıra hallarda vətəndaş məlumatlı olmur. Hesab edirəm ki, bununla bağlı vahid portalın yaradılmasına ehtiyac var. Vətəndaş ölkədən çıxışına məhdudiyyət qoyulub qoyulmaması, borcları barədə oradan məlumatlar əldə edə bilər. Bu iş hazırda səpələnmiş formadadır. Millət vəkili Vüqar Bayramovun dediyi kimi, az məbləğdə kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması məsələsinə də baxılmalıdır. Bu məhdudiyyətin aradan qaldırılması məsələsi nəzərdən keçirilməlidir. Ən əsası da borcun hansı əsaslarla yaranması məsələsinə diqqət yetirilməlidir. Məhkəmələr tərəfindən məhdudiyyətin qoyulması ilə bağlı da ciddi əsaslandırmalar olmalıdır”.
İqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, əgər problemli kredit sahibi müəyyən müddət ərzində banka borcunu ödəməyibsə, həmin şəxs həm bank, həm də hüquq-mühafizə orqanı tərəfindən axtarılır. Banka borcunu ödəməyən şəxs ölkədən çıxmaq istəyərsə, hüquq-mühafizə orqanlarının köməyi ilə məsuliyyətə cəlb olunur:
“Əhali banklardan müəyyən məbləğdə kredit götürür. Kredit götürən şəxslər, bağlanmış müqavilədə qeyd olunduğu kimi, aylıq olaraq ödəniş etməlidir. Vaxtlı-vaxtında kreditini ödəyən şəxs isə istənilən vaxt ölkədən çıxa bilər. Lakin, kredit borcunu ödəyə bilməyən və problemli kredit sahibi olan şəxs haqqında eyni sözləri demək olmaz. Çünki, kredit borcunu ödəməyən şəxslər ölkəni tərk edə bilməzlər. Bankın nümayəndəsi kredit borcunu ödəməyən şəxs ilə əlaqə saxlayır, əgər həmin şəxs axtarışa məhəl qoymursa, bu zaman məhkəməyə verilir. Problemli kredit sahibi barəsində məhkəmə qərar çıxarır. Bank işçisi problemli kredit sahibini tapa bilməyəndə bu iş məhkəmə icraçısının üzərinə düşür. Bu zaman həmin şəxsin ölkəyə giriş-çıxışına nəzarət olunur”.
Ə.Həsənov qeyd edib ki, ölkədən çıxışın məhdudlaşdırılması yalnız banka olan borca görə müəyyən edilmir. Bu borc sələmvə yaxud aliment borcu ola bilər. Bu zaman borc verən həmin şəxsi məhkəməyə verir.
Ekspertin dediyinə görə, vergi borclarına görə vətəndaşın ölkədən çıxışına qadağa qoyulması prosesində də qanunvericilikdə problemlər var: “Vergi borclarına görə tətbiq olunan məhdudiyyətlərlə bağlı qanunvericiliyimizin özündə problem var. Mülki Prosessual Məcəllədə nəzərdə tutulub ki, əgər vətəndaşın vergi borcu varsa, vergi orqanı məhkəməyə müraciət edir. Məhkəmə də 10 gün ərzində bu vətəndaşın ölkədən çıxışına qadağa haqqında qərar verir. O qərar da dərhal qüvvəyə minir. Mən burada diqqəti bir fərqə yönəltmək istəyirəm. Vətəndaşın banka və ya digər vətəndaşa borcu varsa, qarşı tərəf onu məhkəməyə verməlir, sübut etməli, udmalı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Yalnız bundan sonra vətəndaş borcu üzürsüz səbəbdən ödəmirsə, icra məmuru bir də məhkəməyə müraciət edir və ölkədən çıxışa qadağa qoyur. Ancaq vergidə belə deyil. Vergi orqanı, sadəcə, görür ki, borc var, dərhal məhkəməyə verir. Məhkəmə orqanı da 10 gün ərzində ölkədən çıxışa qadağa qoyur. Vergi borcu hələ sübuta yetirilməyib, sadəcə, vergi orqanı belə düşünür. Bir çox hallarda vergi orqanları ümumiyyətə, borcu düzgün hesablamırlar, elə olur ki, real borc olmadığı halda vətəndaşın ölkədən çıxışına qadağa qoyurlar. Bir çox hallarda vətəndaşa bu qadağa ilə bağlı məlumat da verilmir, o, yalnız hava limanında ölkədən çıxışının məhdudlaşdırıldığını öyrənir. Bu da məhkəmənin vəzifəsidir ki, vətəndaşı dəvət edib məlumat versin. Bizim məhkəmələrimiz isə çox təəssüf ki, çox vaxt bu barədə vətəndaşa məlumat vermirlər. Konstitusiyamızın 29-cu maddəsinə görə, Azərbaycanda mülkiyyətin 3 növü var. Bunlar dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət növləridir. Konstitusiyada deyilir ki, bu 3 mülkiyyət növü bərabərdir, heç birinə üstünlük verilmir. Lakin biz görürük ki, dövlət mülkiyyətinə üstünlük verilir. Əgər vətəndaşın dövlətə vergi borcu varsa, dövlət heç nə sübut etmədən məhkəmə qaydasında onun ölkədən çıxışına qadağa qoyur. Ancaq vətəndaşın borcu banka və ya digər şəxsədirsə, bu halda qanun deyir ki, məhkəməyə ver, sübut et. Elə hallar da var ki, məhkəmə gedə-gedə borclular ölkədən çıxırlar. Bu halda mülkiyyət növləri arasında fərq qoyulur və konstitusiya kobud şəkildə pozulur. Bizim Mülki Prosessual Məcəllədəki vergi borcu olanların ölkədən çıxışına qadağa qoyulması konstitusiyaya ziddir”.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan Konstitusiyasına görə, Azərbaycan vətəndaşlarının sərbəst hərəkət hüququ var. Bu hüququ isə yalnız məhkəmə qaydasında məhdudlaşdırmaq mümkündür:
“Mən daha yumşaq tədbirlərin tərəfdarıyam. Əgər bankların kredit borcuna görə iddiası varsa, bu iddia ilə məhkəməyə müraciət etməli, vətəndaşların səbəbləri dinlənildikdən sonra məhdudiyyət tətbiq olunub-olunmamasına məhkəmə qərar verməlidir. Çox zaman bu inzibati qaydada tətbiq olunur. Mən bunu doğru hesab etmirəm. Ölkədən çıxış qadağası müəyyən dərəcədə vətəndaşların kredit borcunu qaytarmağınə təşviq etsə də, bu, hüquqi çərçivədə olmalıdır. Hüquqi çərçivədə qərarı isə yalnız məhkəmə verə bilər. Bu, məhkəmələrin yükünü artıra bilər, amma istənilən halda hüquqi akta ehtiyac var. İcra strukturları istənilən şəxsə istədiyi qadağanı qoya bilməz. Bəlkə, borc ödənişini gecikdirən vətəndaşın əsaslı səbəbləri olub?”
Sevinc,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.