Nazirlər Kabinetinin 2023-cü ildə təsdiq etdiyi “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”na əsasən, həm ölkə vətəndaşları, həm də ayrı-ayrı şirkətlər bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər elektrik enerjisini həm istehlak, həm də elektrik şəbəkəsinə satış üçün istehsal edə bilər.
Başqa sözlə, istənilən şəxs özünə məxsus torpaq sahəsində və yaxud tikilinin üzərində istehsal etdiyi elektrik enerjisindən həm özü, həm də dövlətə satmaq üçün faydalana bilər.
Bununla belə, müşahidələr göstərir ki, Azərbaycanda fərdi qaydada elektrik enerjisi istehsalı kütləvi yayılmayıb. Öz həyətində günəş panelləri və yaxud külək turbinləri quraşdıran vətəndaşlarımızın sayı az qala barmaqla sayılacaq qədərdir. Onlar da əsasən ucqar kənd və qəsəbələrdə yaşayan, enerji təchizatındakı problemlər ucbatından alternativ mənbələrə üz tutmuş şəxslərdir. "Report" fərdi qaydada elektrik enerji istehsalına marağın az olmasının səbəblərini araşdırıb.
"Binaların damında bir dənə də olsun günəş paneli yoxdur"
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev deyir ki, Azərbaycan günəşli günlərin sayına və külək potensialına görə fərdi enerji istehsalı üçün əlverişli ölkələrdən biri olsa da, şəhər mühitində bu imkanlar reallaşdırılmır.
Onun sözlərinə görə, Akademiya Avropa İttifaqının sifarişi ilə fərdi enerji istehsalına dair normativ sənədləri hazırlayaraq aidiyyəti üzrə təqdim etsə də, indiyə qədər ciddi nəticələr əldə olunmayıb.
"Hazırda Bakıdakı çoxmərtəbəli binaların damında bir dənə də olsun günəş paneli yoxdur, halbuki hər binaya günəş kollektoru quraşdırmaqla həm isti su əldə etmək, həm də elektrik enerjisi istehsal etmək mümkündür. Bu texnologiyalarla bağlı maarifləndirmə çox zəifdir və tikinti sektorunda çalışan sahibkarlar bu sahəyə kifayət qədər bələd deyillər", - deyə ekspert qeyd edir.
Texnologiya və effektivlik problemi
F. Əliyev bildirir ki, külək və günəş enerjisi sahəsində real layihələr əsasən iri sərmayələr hesabına, məsələn, Qaradağda ərəb investisiyası ilə qurulan 550 hektarlıq günəş parkı kimi təşəbbüslər çərçivəsində həyata keçirilir, fərdi və məhəlli səviyyədə isə demək olar ki, heç bir tətbiq yoxdur.
Onun sözlərinə görə, bu sahənin inkişafında texnologiya və səmərəlilik məsələləri də önəmlidir: “Bəzən istifadə olunan panellərin faydalılıq əmsalı çox aşağı olur – Qarabağda tətbiq olunan bəzi sistemlərin səmərəliliyi 7–8 % civarındadır, halbuki Yaponiya, Almaniya və ABŞ-da 35–90 %-lik göstəricilər mövcuddur”.
Ekspert hesab edir ki, bu sahənin geniş yayılmasına mane olan əsas amillərdən biri də peşəkar mütəxəssislərin çatışmazlığıdır: “Alternativ enerji yalnız xərclərə qənaət və ekoloji təmizlik baxımından deyil, həm də milli enerji təhlükəsizliyi və davamlı inkişaf üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanda ilkin hüquqi baza formalaşsa da, real inkişaf üçün iqtisadi və texniki mexanizmlərin təkmilləşdirilməsi, maarifləndirmə səviyyəsinin artırılması və bu sahəyə ixtisaslı kadrların cəlb olunması zəruridir. Beynəlxalq təcrübə göstərir – sadə, şəffaf və stimullaşdırıcı mexanizmlər fərdi təşəbbüslərin inkişafında həlledici rol oynaya bilər".
Alternativ enerjinin maya dəyəri və fərdi sahibkarların maraqları
Azərbaycanda alternativ enerjinin, xüsusilə də günəş enerjisinin 1 kVt/saat üçün orta maya dəyəri təxminən 10–12 qəpik təşkil edir. Ənənəvi enerji istehsalının 1 kVt/saat üçün orta maya dəyəri isə təxminən 8 qəpikdir. Hazırda fərdi sahibkarlar günəş panelləri vasitəsilə istehsal etdikləri enerjinin 1 kVt/saatını şəbəkəyə 5,7 qəpiyə sata, eyni zamanda, bu enerjini şəbəkədən 7–11 qəpiyə ala bilərlər. Bu göstəricilər fərdi sahibkarlar üçün alternativ enerji istehsalının iqtisadi cəhətdən nə dərəcədə səmərəli olması ilə bağlı suallar doğurur. Mütəxəssislərin fikrincə, bu sahənin daha cəlbedici olması üçün dövlətin təşviqi artırması, qiymət siyasətində balansı qoruması vacibdir.
Xarici təcrübə: fərdi istehsalın təşviqi
Dünyanın bir çox ölkələrində fərdi enerji istehsalının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu məqsədlə müxtəlif maliyyə və inzibati təşviq mexanizmləri tətbiq olunur ki, bu da həm vətəndaşların enerji istehsalında iştirakını artırır, həm də ümumilikdə enerji bazarının şaxələndirilməsinə və dayanıqlılığın təmin olunmasına xidmət edir.
Almaniya bu sahədə qabaqcıl təcrübəyə malikdir. Burada tətbiq edilən “Feed-in tariff” (satışa zəmanətli tarif) sistemi çərçivəsində fərdi istehsalçılar istehsal etdikləri elektrik enerjisini dövlətə əvvəlcədən müəyyən olunmuş və bazar qiymətindən daha sərfəli şərtlərlə sata bilirlər. Bu mexanizm uzunmüddətli müqavilələrə əsaslandığı üçün istehsalçı üçün investisiya riski azalır və gəlir sabitliyi təmin olunur.
Türkiyədə isə günəş enerjisi istehsalının sürətlə yayılmasının əsas səbəblərindən biri 10 kVt-a qədər olan günəş panellərinin lisenziyasız quraşdırılmasına icazə verilməsidir. Bu yanaşma fərdi şəxslər və kiçik sahibkarlar üçün texniki və hüquqi maneələri minimuma endirir. Həmçinin istehsal olunan və istifadədən artıq qalan enerji avtomatik olaraq şəbəkəyə ötürülür və bunun müqabilində istehsalçıya ödəniş edilir.
Gürcüstanda isə son illərdə tətbiq olunmağa başlayan “net metering” (xalis ölçmə) sistemi fərdi istehsalçıların şəbəkəyə verdiyi enerjinin həcminin istifadə etdikləri enerjidən çıxılaraq yalnız fərqə görə onlara ödəniş etməsinə imkan yaradır. Bu yanaşma həm iqtisadi baxımdan sərfəli, həm də texniki baxımdan praktik olduğu üçün vətəndaşların alternativ enerjiyə marağını əhəmiyyətli dərəcədə artırıb.
ABŞ-də isə fərdi alternativ enerji istehsalı həm federal, həm də ştat səviyyəsində müxtəlif mexanizmlərlə dəstəklənir. Buraya vergi güzəştləri, birbaşa subsidiyalar, qrant proqramları və texniki yardım daxil olmaqla çoxşaxəli dəstək sistemi daxildir. Məsələn, federal səviyyədə tətbiq olunan “Investment Tax Credit (ITC)” proqramı vasitəsilə fərdi və korporativ istifadəçilər günəş panelləri və digər bərpa olunan enerji avadanlıqları üçün qoyduqları investisiyanın müəyyən faizini vergi endirimi şəklində geri ala bilirlər.