AZ

Mütəllim Rəhimli: Partiyanın qərargahı ədalətçilərin ixtiyarındadır

BAKI, 5 may. TELEQRAF

Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra təşkilatda fikir ayrılığı yaranmışdı. Bu da təbiidir. Çünki liderin yoxluğu istənilən qurumda təlatümlər meydana çıxarır. Artıq fikir ayrılıqlarına və problemlərə son qoyulub. Ona görə də partiya daxilində heç bir ziddiyyət qalmayıb.

Bu sözləri Teleqraf-a Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli partiyadakı istefalara münasibət bildirərkən deyib.

O qeyd edib ki, problemlər partiyadakı çoxluğun iradəsi ilə həllini tapdı: “İlk gündən olduğu kimi, partiya üzvləri fikir ayrılıqlarını və problemli məsələləri qurultaya daşınmağı təklif etdilər. Bu mövqe də sona kimi müdafiə olundu. Sözsüz ki, bu istiqamətdə müəyyən əngəllər yaransa da, onlar geridə qaldı”.

Mütəllim Rəhimli nizamnamənin pozulması ilə partiya üzvlərinin barışmadığını söyləyib: “Artıq Ədalət Partiyasında Meydan Babayev, Elçin Qurbanov, Vüsalə Dadaşova yoxdur. Onlar partiyadan istefa veriblər. Partiya qurultay qərarı verdiyinə görə, bütün strukturların əvəzinə Təşkilat Komitəsi fəaliyyət göstərir. Aprelin 19-dan Ədalət Partiyasında bu proses başlayıb. Sadəcə, nizamnamənin bu tələbləri ilə razılaşmaq istəməyənlər var idi, sonda reallıqla barışmalı oldular”.

“Ədalət Partiyasının qərargahı artıq bütün üzvlər üçün açıqdır. Partiyanın möhürü, ştampı və digər zəruri sənədlər ofisdədir və biz öz qərargahımızda qurultaya hazırlıqla bağlı işlərimizi görürük”, - Sədr müavini bildirib.

Xatırladaq ki, Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr