AZ

Qətər Maldiv adalarında maliyyə mərkəzinin qurulmasına 8,8 milyard dollar sərmayə yatıracaq

Bakı, 5 may, AZƏRTAC

Qətər şeyxinin ailə ofisi “MBS Global Investments” beş il ərzində Maldiv adalarında maliyyə mərkəzinin qurulmasına 8,8 milyard dollar sərmayə yatırmaq niyyətindədir.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Maldivin maliyyə naziri Musa Zamirin sözlərinə görə, miqyaslı investisiyalar adanın turizm və balıqçılıq istiqamətli iqtisadiyyatının diversifikasiyası üçün lazımdır. Hazırda Maldiv adalarının illik ümumi daxili məhsulunun həcmi təxminən 7 milyard dollardır, lakin layihənin dörd il ərzində onu üç dəfə artıracağı gözlənilir.

Maldivin hakimiyyət orqanları MBS ilə sövdələşməni “müəyyən çətinlikləri” həll etməyin mümkün yollarından biri hesab edir. Hazırda ölkənin əsas problemi yaxın iki il ərzində ödənilməli olan borclardır. “Moody's” reytinq agentliyinin məlumatına görə, bu il Maldiv adaları 600-700 milyon dollar, gələn il isə təxminən 1 milyard dollar xarici borc ödəməlidir.

Qətər şeyxinin ailə ofisi ilə Maldiv hökuməti arasında birgə müəssisənin qurulması barədə müqavilə mayın 4-də imzalanıb. Blokçeyn və rəqəmsal aktivlərə yönələcək Maldiv Beynəlxalq Maliyyə Mərkəzi 830 min kvadratmetr ərazini əhatə edəcək. Fəaliyyətinin beşinci ilində layihənin 1 milyard dollardan çox gəlir gətirəcəyi gözlənilir.

Təxminən 14 milyard dollar dəyərində aktivləri idarə edən “MBS Global Investments” layihəni digər ailə ofisləri və varlı şəxslərin daxil olacağı konsorsium vasitəsilə maliyyələşdirməyi planlaşdırır.

Seçilən
0
azertag.az

1Mənbələr