AZ

Əliyev razılaşdı, Şərifov yola düşdü – Bakı müharibədən sonrakı hədəfinə çatır 

  Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriya Ərəb Respublikasına səfəri Yaxın Şərqdəki gərgin vəziyyət fonunda xüsusi diqqət çəkdi. Səfər çərçivəsində Azərbaycan və Suriya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, bir sıra yüksək səviyyəli görüşlər keçirilib.

Tərəflər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Bu səfər iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi və regional sabitliyin təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycanla Suriyanın yeni hökuməti arasında son bir neçə ayda münasibətlərin yeni səhifəsi açılıb:

“Ötən gün Suriya Ərəb Respublikasının keçid hökumətinin prezidenti Əhməd əl-Şara baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumdur ki, 44 günlük müharibədən sonra regional əməkdaşlıq və Qlobal Cənub ölkələri ilə münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasətində prioritetlər sırasında mühüm yer tutur. Dəməşq mövzusunda qardaş Türkiyə ilə koordinasiya və panislamist diplomatiyanın gücləndirilməsini də nəzərə alsaq, Azərbaycanın Yaxın Şərqlə Avropa arasındakı bu vacib regiona diqqətinin artması təsadüfi deyil.

Azərbaycan–Suriya əlaqələri İsrail–Türkiyə və İsrail–İran qarşıdurması fonunda xüsusi siyasi məna daşıyır. Bu kontekstdə tərəflərin maraqları, regional qüvvələr balansı və geosiyasi dinamika əhəmiyyət kəsb edir”.

Politoloq bildirib ki, Bakı, bu mürəkkəb geosiyasi mühitdə balanslı və praqmatik siyasət aparmaqla həm öz təhlükəsizlik maraqlarını qoruyur, həm də yeni diplomatik və iqtisadi fürsətlər yaradır:

“Unutmaq olmaz ki, bu gün münasibətlərin inkişafı üçün yaranan yeni fürsətin həm də tarixi və mədəni əsasları var. Təkcə mədəniyyət və ədəbiyyat sahələrinə toxunmaq kifayətdir ki, Azərbaycan və Suriya xalqları arasında tarixi bağlılığı anlamaq mümkün olsun.

Samir Şərifovun səfəri Azərbaycan və Suriya liderləri arasında Antalyada baş tutan görüşdə əldə edilən razılıq əsasında reallaşıb. Aprelin 11-də keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara arasında baş tutan görüş, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında yeni geosiyasi reallıqlar fonunda mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Suriyada baş verən dəyişiklikləri müsbət qiymətləndirərək Əhməd əl-Şaranı təbrik etdi və Azərbaycanın Dəməşqdəki səfirliyinin uzun fasilədən sonra yenidən fəaliyyətə başladığını bildirdi”.

Z.Məmmədovun sözlərinə görə, bu addım iki ölkə arasında diplomatik əlaqələrin canlandırılması və qarşılıqlı etimadın bərpası baxımından əhəmiyyətlidir:

“Dövlət başçısı ötən ay görüş zamanı Əhməd əl-Şaranı ölkəmizə rəsmi səfərə dəvət etdi və bu dəvət məmnuniyyətlə qəbul olundu. Bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və yüksək səviyyəli dialoqun davam etdirilməsi üçün mühüm platforma ola bilər.

Beləliklə, Azərbaycan xarici siyasətində son 5 ildə fəaliyyət və təsir arealını daha da genişləndirməyə davam edərək, regional gücdən – proseslərə təsir etməyi bacaran beynəlxalq aktora çevrilməkdədir. Suriyada bir çox dövlətlərin proseslərdə sabitsizləşdirici mövqeyi fonunda Azərbaycanın apardığı siyasət vahid və sabit Suriya arealı üçün yüksək qiymətə layiqdir”.


Seçilən
0
referans.az

1Mənbələr