“ABŞ inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə, eləcə də gender bərabərliyinə və dayanıqlığa nail olunmasına istiqamətlənən razılaşmanın təsirlərini zəiflətməyə çalışır”.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının daxili sənədində bildirilib.
Həmçinin qeyd olunub ki, prezident Donald Tramp qlobal maliyyə sistemində nəzərdə tutulan islahatlara da əngəl yaradır.
Məlumatda Ağ Ev rəhbərinin hər addımda “Öncə Amerika!” konsepsiyasını irəli sürdüyü, bu konsepsiyanı qlobal böhranların həllinə çalışan beynəlxalq təşkilatların da qəbul etməsinə çalışdığı da açıqlanıb.
Qeyd edək ki, aprelin 11-də Meksika, Nepal, Norveç və Zambiya nümayəndələrinin də iştirak etdiyi tədbirdə iqlim dəyişikliyi ilə mübarizə sayəsində ümumilikdə 193 ölkənin mövqeyini əks etdirən sənəd razılaşdırılıb.
Qətnamənin əsas məqsədi yoxsulluqdan əziyyət çəkən ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək göstərməkdən ibarətdir.
ABŞ öz növbəsində sənəddən şirkətlərin fəaliyyət göstərdiyi ölkələrdə vergi ödəməli olduğu, inkişaf etməkdə olan dövlətlərdə vergi şəffaflığının artırılmasına dəstək, tükənməkdə olan yanacaq növlərinə subsidiyaların ayrılması, eləcə də kredit reytinqi sistemindəki islahatlar barədə müddəaların çıxarılmasını tələb edir.
Ehtimal olunur ki, bu ay ərzində tərəflərin müzakirə etdiyi sənədə bəzi dəyişikliklər olunacaq. Rəsmi Vaşinqton isə konsensus yolu ilə təsdiqlənməli olan yekun razılaşmaya dəyişikliklərdə israrlıdır.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə təşkilatlarının əsas səhmdarıdır.