AZ

“Neuralink” xəstəsi beynilə video çəkib "YouTube"a yerləşdirdi

Elon Maskın qurucusu olduğu "Neuralink" şirkəti insan beynini kompüterə bağlayan texnologiyalarda daha bir mühüm irəliləyişə imza atıb. 

Valyuta.az xəbər verir ki, “Neuralink”in üçüncü sınaq iştirakçısı və ilk danışa bilməyən ALS (Amyotrofik Lateral Skleroz) xəstəsi Bredford Smit yalnız beyin siqnalları ilə hazırlanmış ilk videonu ictimaiyyətə təqdim edib.

Smit “YouTube” üzərindən paylaşdığı təxminən 10 dəqiqəlik videoda özünün artıq beyin siqnalları ilə yazı yaza bildiyini, videonu montaj edə bildiyini və süni intellekt sayəsində orijinal səsinə bənzər bir səs klonu ilə danışa bildiyini açıqlayıb. O bildirib ki, bu texnologiya əvvəl istifadə etdiyi göz izləmə sistemindən daha rahat və əlçatan bir interfeys təqdim edir.

Daha əvvəl yalnız zəif işıq şəraitində ünsiyyət qura bilən Smit indi gün işığında, açıq havada belə kompüterdən rahatlıqla istifadə edə bildiyini və övladının robotika yarışmasında iştirak edib orada ünsiyyət qurduğunu qeyd edib. “Bu videonu beynimlə yazır və montaj edirəm,” – deyə o, texnologiyanın ona verdiyi azadlıq hissini vurğulayıb.

Videoda Smitin yalnız düşünərək kompüterin kursorunu necə idarə etdiyini və cihazlarla necə əlaqə qurduğunu əyani şəkildə göstərən hissələr də yer alır. Həmçinin onun süni intellektlə yenidən yaradılmış səsi ilə danışması, texnologiyanın nə dərəcədə real və funksional olduğunu ortaya qoyur.

Sərvanə Rəmixanova 

Seçilən
0
valyuta.az

1Mənbələr