Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evləri sökülüb.
Axar.az xəbər verir ki, binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq.
Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq.
Məsələ ilə bağlı Sherg.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bəzən vətəndaşlar yaşayış binalarından köçürülmədən tikinti şirkəti tərəfindən söküntü işləri aparılır:

“Çoxmənzilli binalarda yaşayış ola-ola söküntülərin aparılması düzgün deyil. İlk öncə vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır. Həmçinin binadan axırıncı sakin köçürülməyənə kimi hər hansı söküntü işlərinin aparılması yolverilməzdir. İcra hakimiyyətləri, yerli icra orqanları və Fövqaladə Hallar Nazirliyinin nəzdində tikintiyə nəzarət həyata keçirilməlidir. Tikinti şirkəti tez vaxtda binanı sakinlərdən boşaltmaq istəyir. Ona görə də digər sakinlər köçdükdən sonra kirayədə yaşayan varsa, onlara kirayə pulu ödənilir. Əslində bu proses tikinti şirlətininin problemidir. Yəni hər kəslə razılıq etdikdən sonra prosesə başlamalıdır”.