Yay fəslinin yaxınlaşması ilə birlikdə dondurma və sərinləşdirici içkilərə olan tələbat artır. Bu isə bəzi hallarda saxta və keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb olur. Xüsusilə mənşəyi bəlli olmayan, etiket məlumatları qeyri-dəqiq olan və sertifikatsız dondurma və içkilər insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Belə məhsulların tərkibində süni dadlandırıcılar, rəngləndiricilər, trans yağlar və digər zərərli maddələrin olması mümkündür ki, bu da allergik reaksiyalara, mədə-bağırsaq pozğunluqlarına, ürək-damar xəstəliklərinə və hətta uzunmüddətli xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.
Yay fəslinin yaxınlaşması ilə süni tərkibli dondurmalar və içkilər bazarda artmaqdadır. Bəs saxta məhsullar əhalinin sağlamlığı üçün hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, yay mövsümü yaxınlaşdıqca, xüsusilə dondurma, qazlı, rəngli və şəkərli içkilər daha çox istehlak olunan və tələb olunan məhsullar sırasındadır:
“Lakin bu məhsulları alarkən mütləq şəkildə mənşəyi bəlli olan, keyfiyyət sertifikatı olan məhsulların alınması tövsiyə olunur. Çünki dondurma süd məhsuludur və tərkibində yağlardan istifadə olunur. Buna görə bu məhsulu alarkən etiket məlumatlarına diqqət yetirmək lazımdır. Mənşəyi bəlli olan yerdən almaq vacibdir. Eyni zamanda, üzərində istehsalçı şirkət haqqında ətraflı məlumat olmalı və tərkibi ilə bağlı aydın məlumat verilməlidir.
Əgər tərkibində süni süd, süd yağı əvəzedicisi kimi maddələr istifadə olunubsa, bu bir çox insanlarda allergiyaya və orqanizmin sistem pozuntularına səbəb ola bilər. İstifadə olunan yağlar keyfiyyətsiz, xüsusilə ucuz trans yağlar və ənənəvi olmayan bitki yağlarıdırsa, bunlar ürək-damar sisteminə ciddi zərər verə bilər, orqanizmdə xolesterinin balansını poza bilər. Uzun müddət qəbul edildikdə arterial damarların daralması, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Eyni zamanda obeziteyə, daxili orqanların yağlanmasına səbəb ola bilər.
Qazlı və rəngli içkilərdə istifadə olunan süni rəngvericilər, dadlandırıcılar və yüksək miqdarda şəkər orqanizmdə qaraciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. Süni rəngləndiricilər və aroma vericilər allergik reaksiyalara, uşaqlarda isə aqressivlik, hiperaktivlik və dəri səpgilərinə səbəb ola bilər.
Bu kimi içkilər gündəlik şəkər qəbulunun normadan artıq olmasına gətirib çıxarır və bu da bir çox sağlamlıq problemlərinə yol açır. Əgər bu məhsullar keyfiyyətsiz və etibarsız istehsalçıya məxsusdursa, saxlanma şəraitinə riayət edilmədikdə bakterial təhlükə yarana bilər. Bu da zəhərlənmə və digər ciddi fəsadlarla nəticələnə bilər”.
Ekspert əlavə olaraq qeyd edib ki, saxta məhsulların üzərində cəlbedici şəkillər və aldadıcı ifadələr ola bilər:
“Bu zaman istehlakçılar yanlış seçim etmiş olur. Dondurma alarkən qabın zədələnməməsinə, etiket yazılarının aydın görünməsinə diqqət edilməlidir. Əgər etiket yapışqanlı kağızla örtülmüş və yazılar silinmişdirsə, bu onun dəfələrlə donub-açıldığını, yəni temperatur rejiminin pozulduğunu göstərir. Paket zədələnmiş və ya əzik olmamalıdır. İçində buz kristalları varsa, bu da məhsulun düzgün saxlanmadığını və təkrar dondurulduğunu göstərir. Süd məhsulu olduğu üçün, bu, ciddi risk daşıyır. Belə hallarda mikroorqanizmlər sürətlə çoxalır və ciddi fəsadlara səbəb ola bilər.
Xüsusilə uşaqlarda, yaşlılarda və xroniki xəstəliyi olan insanlarda bu cür məhsulların qəbuluna daha çox diqqət edilməlidir”.
Eltac Zülfüqaroğlu