13 aprel keçirilən 9-cu sinif buraxılış imtahanında problemlər müşahidə olunub. Əsasən də xarici dil dinləmə zamanı problemlər yaşanıb. Abituriyentlər dinləmə ilə yalnız 4 suala cavab verməli olduqları halda onlardan digər 2 sual əlavə yadlarında qalanları yazmaq tələb olunub.
Əvvəlcədən bildirilmədiyi halda, abituriyentlərdən əlavə tələblər edilməsi nə qədər doğrudur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, belə bir faktın olması təssüfləndirici məqamdır.
"Amma olduğuna bir o qədər inanmıram. Çünki Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu siniflə bağlı keçiriləcək imtahan formatı ötən ilin avqust ayının sonu, sentyabr ayının əvvəlində ictimaiyyətə elan olunmuşdu. Həmin imtahanda format qəbul olunmuşdu. Əgər veriləndən fərqli cavablandırılması istənilən sual qoyuluşu varsa, DİM bununla bağlı açıqlama verməlidir. Eyni zamanda, bu hal şagirdlər üçün çaşqınlıq yaradıbsa, düşünürəm ki, həmin 2 sual abituriyentlərin xeyrinə hesablanmalıdır. Çünki bu formatda imtahan 3 dəfə keçirilib. Əgər 13 apreldə belə dəyişiklik olubsa, digər imtahanlarda bu istiqamətdə iddia səsləndirilməyib. Burada ola bilər ki, bəzi şəxslər format baxımından DİM-in açıqlamasından məlumatlı olmadığı üçün belə vəziyyət yaranıb. 9 illikdən bu ildən tamamilə fərqli formada buraxılış istiqamətində imtahan götürülür. Xüsusilə, xarici dil üzrə yeni suallar təqdim olunub. Dinləmə mətnlərində müvafiq suallar cavablandırılır. Texniki xəta baş verərsə, DİM tərəfindən şagirdlərin xeyrinə hesablanmalıdır", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI