“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 35-ci turunda evdə “Liverpul” üzərində 3:1 hesablı qələbəni şərh edib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Məşqçilər qərargahının bu qədər şad olmasının səbəbi onda idi ki, cari mərhələdə bütün oyunları qazanmaq gərəkdir. Bu gün “Liverpul” Premyer Liqanı niyə qazandığını yenidən göstərdi. Düzünü deyəcəyəm, bu gün biz dərin müdafiədən oynamağı nəzərdə tutmamışdıq, yüksək təpki ilə oynamaq fikrində idik, həmişə etdiyimiz kimi. Amma bəzən rəqib o qədər yaxşı olur ki, dərindən müdafiə olunmaq gərək olur və həmçinin uyğunlaşmaq, oyunçularım isə bunun öhdəsindən çox yaxşı gəlirlər”, deyə Entso Mareska vurğulayıb.
35 oyundan 63 xalla “Çelsi” yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Zadəganlar” növbəti mövsümün Çempionlar Liqasında iştiraka vəsiqə verən ilk dördlüyə düşmək uğrunda mübarizə aparırlar.
“Liverpul” isə İngiltərə Premyer Liqasının 34-cü turunda evdə “Tottenhem” üzərində 5:1 hesablı möhtəşəm qələbə sayəsində cari mövsümün çempionluğunu erkən surətdə təmin edib. “Qırmızılar” 35 oyundan 82 xalla yarış cədvəlinin zirvəsindədirlər.