AZ

"Pensiya yaşına yaxın vətəndaşların hüquqları qorunmalıdır"– Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda son illərdə 45–60 yaş aralığında olan vətəndaşların əmək bazarından uzaqlaşdırılması ciddi sosial ədalət problemidir. Bu vəziyyət onların pensiya hüquqlarını itirməsinə, sosial və psixoloji təcridə məruz qalmasına səbəb olur.

O, təklif edir ki, Əmək Məcəlləsinə yeni müddəa əlavə edilməli, pensiyaya beş ildən az qalmış şəxslərin əmək müqavilələrinə yalnız ciddi əsaslarla xitam verilə bilsin. Eyni zamanda, pensiya stajı çatmayan şəxslər üçün dövlət tərəfindən sosial sığorta ödənişi və ya “pensiyaya keçid dövrü təqaüdü” nəzərdə tutulmalıdır.

"Yaş diskriminasiyası ilə mübarizə gücləndirilməli, vakansiya elanlarında yaş həddi qadağan edilməli və bu pozuntuya görə inzibati məsuliyyət tətbiq olunmalıdır. Nazirlikdə monitorinq mexanizmi yaradılmalı, uyğunlaşdırılmış məşğulluq və təlim proqramları təşkil olunmalıdır".

Ə.Nuriyev beynəlxalq təcrübəyə istinad edərək qeyd edib ki, Almaniyada və İsveçdə yaşlı işçilər üçün xüsusi proqramlar tətbiq edilir, Estoniyada isə işəgötürənlərə subsidiya verilir:

"Bu yanaşmalar Azərbaycanda da tətbiq olunmalıdır. Nəticə etibarilə, pensiya yaşına yaxın vətəndaşların əmək münasibətlərində müdafiəsi təkcə fərdi rifah deyil, ümumi sosial sabitlik üçün də vacibdir".

 

Pərvanə Fərhadqızı

Seçilən
0
qht.az

1Mənbələr