Bu sualları “Göyqurdlar”ın rəhbəri Elnur Şərifliyə ünvanladıq:
“Biz, “Göyqurdlar” olaraq, “Traktor”u bu gün yox – hər zaman, hər şəraitdə, hər tribunada illərdi dəstəkləmişik. “Traktor” bizim üçün, sadəcə, bir futbol komandası deyil, soydaşlarımızın fəxri və kimliyimizin yaşaması və yaşadılmasıdı. Bu gün bir çoxları “Traktor”un çempionluğuna sevindi, ancaq biz illərdi bu komandanın yanında olmuşuq. “Traktor”un tribunalarında “Qızılqurdlar” var – yəni millətin ruhunu, gücünü və inadını təmsil edən fədakar azarkeşlər. Biz – “Göyqurdlar” olaraq Təbrizin Qızılqurdları ilə qardaş birliyinə sahibik. Bu dostluq, sadəcə, futbol üzərində qurulmayıb. Bu, qanla, tarixlə, millətlə bağlı bir ittifaqdı. O taylı-bu taylı demədən, bir millət – iki tribuna deyə bir-birimizin yanında olmuşuq. Bəli, haqlı olaraq sual olunur: “Niyə Bakıda çempionluq qeyd olunmadı?” Bunun əsas səbəblərindən biri idman media kanallarımızın bu matçı yetərincə işıqlandırmamasıdı. Nə kanallar bu tarixi matçı canlı yayımladı, nə də ictimaiyyətə bu hadisənin ruhu düzgün çatdırıldı. Halbuki bu qələbə bir futbol hadisəsi yox, bütün türk dünyasının birlik rəmzi idi. Biz istərdik ki, ən azı bir idman kanalı “Traktor”un oyunlarını həmişə yayınlasın. Bu, həm milli şüurun güclənməsi, həm də güneyli soydaşlarımızla aramızdakı bağlılığın möhkəmlənməsi baxımından olduqca vacibdi. Unudulmasın ki, “Traktor” çempion oldu, Təbrizin Qızılqurdları tarix yazdı – və biz, “Göyqurdlar”, bu tarixdə qardaş kimi yer alırıq. Sevincimiz öz kütləmiz arasında qeyd edilsə də, amma qürurumuz sarsılmazdı. Ən vacibi odu ki, Güneydəki qardaşlarımız kim olduqlarını bilir. Biz də kim olduğumuzu unutmuruq”.
ƏSƏD SEYİDOV