Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında yoxlama görüşü keçiriləcək.
Bu barədə AFFA-dan saytımıza bildirilib. Verilən məlumata görə, matç Bakıda baş tutacaq.
Qarşılaşmanın mayın sonu, iyunun əvvəlində təşkil olunması nəzərdə tutulub.
Ayxan Abbasovun çalışdırdığı milli mayın axırıncı həftəsində bir araya gələcək. Bu toplanış əsasən seleksiya xarakteri daşıyacaq.
Martda AFFA ilə 2 illik müqavilə imzalamış baş məşqçinin düşərgəyə xeyli sayda yeni oyunçu çağırması gözlənilir. Proses 10-12 gün çəkəcək.
U-21 bu müddətdə iki yoxlama görüşü keçirəcək. AFFA mənsubları Belarusdan olan həmkarlarıyla razılığa gəlib, qalıb digər sparrinqi tapmaq.
Yığmanın ilk toplanışı martın sonunda keçirilib.
Həmin vaxt Türkiyənin Antalya bölgəsinə yollanan kollektiv hazırlıq prosesi çərçivəsində iki yoolaşlıq matçında qüvvəsini sınayıb.
U-21 Moldovaya 2:0 hesabı ilə qalib gəlibsə, Şimali Makedoniya ilə duel qolsuz bitib.
SPORTİNFO.AZ