AZ

Yaşıl çayın sirri: bu içki niyə bu qədər faydalıdır?

Yaşıl çay dünyanın ən populyar və eyni zamanda ən faydalı içkilərindən biridir.

Tribunainfo.az xəbər verir ki, qidalanma üzrə ekspertlər onun tərkibi, təsiri və düzgün istifadəsi ilə bağlı bütün bilinməyənləri açıqlayıb.

Həmin açıqlamanı təqdim edirik:

Nədən hazırlanır və nə ilə fərqlənir?
Yaşıl çay “Camellia sinensis” adlı bitkidən hazırlanır və bu bitkinin vətəni Çindir. Gənc yarpaqlarından ağ çay, yetkin yarpaqlarından isə yaşıl və qara çay alınır. Fərq isə emal prosesindədir:

Yaşıl çay minimal fermentasiya olunur, bu da onun təbii dadını qoruyur.
Qara çay isə tam oksidləşir və daha güclü aroma qazanır.
Yaşıl çayın sağlamlığa təsiri
Xroniki xəstəliklərə qarşı qoruyucu gücə malikdir.
Yaşıl çay antioksidantlarla, xüsusilə EGCG (epiqallokatexin qallat) ilə zəngindir. Bu maddələr hüceyrələri oksidativ stressdən qoruyur, orqanizmin yaşlanma prosesini ləngidir və immuniteti gücləndirir.

Enerji verir, amma sakit şəkildə.
Bir fincan yaşıl çayda 20–45 mq kofein var – bu, qara çay və qəhvədən daha azdır. Amma tərkibindəki L-Teanin adlı amin turşusu kofeinin təsirini balanslaşdırır və daha sakit, fokuslanmış enerji verir.

Beyin funksiyalarını gücləndirir.
Kofein, L-Teanin və EGCG-nin sinergiyası diqqəti artırır, yaddaşı yaxşılaşdırır və neyrodegenerativ xəstəliklərin riskini azalda bilər.

Əks təsirləri varmı?
Əgər miqdarına nəzarət olunmazsa, yaşıl çay yuxusuzluq, narahatlıq və ya mədə problemləri yarada bilər. Xüsusilə ürək-damar xəstəlikləri olanlar, hamilə və ya süd verən qadınlar və qan durulaşdırıcı dərman qəbul edənlər mütləq həkimlə məsləhətləşməlidir.

Kofeinsiz yaşıl çay da faydalıdırmı?
Bəli! Kofeinsiz yaşıl çay da antioksidantlarla zəngindir, sadəcə miqdarı bir qədər az olur. Kofeinə qarşı həssas olanlar üçün əla seçimdir.

Matça çayı — daha güclü versiya
Matça yaşıl çay yarpaqlarının toz halına salınıb, birbaşa isti suya qarışdırılaraq içilməsi ilə fərqlənir. Beləliklə, siz yalnız dəmi deyil, bütün yarpaq faydasını alırsınız. Bu, antioksidant, kofein və L-Teanin qəbulunu artırır və orqanizmə daha güclü təsir göstərir.

Necə çay seçmək lazımdır?
Mütəxəssislər tövsiyə edir ki, paket çay əvəzinə səpgi (yarpaq) çay alın. Çünki paket çaylarda tez-tez toz və keyfiyyətsiz hissəciklər olur, bu da dad və fayda baxımından geridə qalır.

İMRAN KƏRİMLİ

Seçilən
0
tribunainfo.az

1Mənbələr