AZ

Beynəlxalq təşkilatlar neftlə bağlı proqnozlarını azaltdılar

BAKI, 5 may. TELEQRAF

OPEC+ ölkələrinin iyun ayında hasilatı yenidən artırmaqla bağlı bəyanatından sonra ABŞ-nin “Goldman Sachs” investisiya bankı 2025 və 2026-cı illər üçün “Brent” neftinə dair proqnozlarını bir barel üçün 2–3 dollar endirib.

Teleqraf xəbər verir ki, “Goldman Sachs” “Brent” xam nefti üzrə 2025 və 2026-cı illər üçün orta qiymət proqnozlarını müvafiq olaraq 63-58 dollar/barel səviyyəsindən 60-56 dollar/barelə endirib.

“Goldman” WTI nefti üzrə 2025-ci ilin qalan hissəsi üçün orta qiymət proqnozunu 56 dollar/barel açıqlayıb, 2026-cı il üçün isə gözləntisini 52 dollar/barel səviyyəsində göstərib. Əvvəlki proqnozlar isə müvafiq olaraq 59 dollar/barel və 55 dollar/barel idi.

“Morgan Stanley” də “Brent” xam nefti ilə bağlı bu ilin qalan rübləri üçün qiymət proqnozlarını 5 dollar azaldıb.

“Barclays” isə OPEC+ ölkələrinin neft hasilatını sürətləndirmə qərarını əsas gətirərək 2025-ci il üçün “Brent” neftinin bir barelinin qiymətinə dair proqnozunu 4 dollar azaldaraq 66 dollar/barelə, 2026-cı il üzrə 2 dollar azaldaraq 60 dollar/barelə endirib.

Qeyd edək ki, OPEC+ ölkələri iyun ayında hasilatı yenidən artırmaq qərarına gəliblər. Qrup bu addımı kovatan artıq neft hasil edərək qiymətləri ucuzlaşdıran üzvləri cəzalandırmaq məqsədilə atıb. Söhbət Qazaxıstan və İraqdan gedir.

Səudiyyə Ərəbistanı və Rusiya gələn ay gündəlik 411 min barel əlavə hasilat etməyə razılıq veriblər.

“Rystad Energy” şirkətinin analitiki Xorxe Leon qərarın neft bazarında şok təsiri yaratdığını bildirib:

“Bu addımla Səudiyyə Ərəbistanı xüsusilə qaydalara əməl etməyən Qazaxıstanı cəzalandırmaq, eyni zamanda ABŞ Prezidenti Trampın neft qiymətlərinin aşağı salınması yönündəki səylərinə dəstək vermək istəyir.”

“Capital.com Australia” platformasının baş bazar analitiki Kayl Rodda görə, hazırda perspektiv daha çox tələbdən asılıdır:

"Çünki Səudiyyə Ərəbistanı təklif məsələsində faktiki olaraq idarəçiliyi əlindən buraxıb. OPEC+ hasilatı artırmağa hazırlaşır, qiymətlərin bərpası yalnız iqtisadi artım şərtlərinin yaxşılaşmasından asılı olacaq – bu da yaxın perspektivdə ABŞ-nin ticarət siyasəti ilə bağlıdır".

“Evans on Energy” şirkətinin qurucusu Tim Evans isə qeyd edib ki,“OPEC+ təşkilatının qərarı ilə iyun ayı üçün hasilat kvotalarının əlavə 411 min barel/gün artırılması bazarda qlobal təklif-tələb balansının artıqlıq istiqamətində gözləntiləri gücləndirir.

“Barclays” analitiki Amarprit Sinx hesab edir ki, OPEC+ könüllü hasilat azaldılması tədbirlərini 2025-ci ilin oktyabrına qədər mərhələli şəkildə dayandıracaq. Eyni zamanda ABŞ-də neft hasilatının artım sürəti bir qədər zəifləyəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr