Avstraliya və Yeni Zelandiyadan bir qrup tədqiqatçının apardığı yeni bir araşdırma, uzun illərdir müzakirə olunan eşqin nə zaman başladığı sualına aydınlıq gətirir. 33 fərqli ölkədən toplanan məlumatlar, kişilərin qadınlardan orta hesabla bir ay daha əvvəl aşiq olduğunu ortaya qoyur.
News24.az xəbər verir ki, araşdırma, 18–25 yaş arası, özünü hal-hazırda “aşiq” olaraq tanıdan 808 yetkin iştirakçı ilə aparılan anketlərə əsaslanır.
Suallar aşiq olma müddətini və intensivliyini, keçmişdə neçə dəfə aşiq olduqlarını və hazırkı partnyorla bağlılıq səviyyəsini əhatə edir.
Avstraliya Milli Universitetindən bioloji antropoloq Adam Bode araşdırmanın əsas məqsədini belə izah edir:
“Biz bioloji cinsiyyətin romantik eşqin yaranmasına, inkişafına və ifadə tərzinə necə təsir etdiyini anlamaq istəyirik.”
Kişilər bir ay daha tez aşiq olur
Məlumatlar analiz edildikdə məlum olub ki, kişilər qadınlardan təxminən bir ay əvvəl aşiq olurlar. Tədqiqatçılar bu fərqi kişilərin bir partnyoru təsirləndirmək üçün daha tez bağlılıq nümayiş etdirmə ehtiyacı ilə əlaqələndirirlər.
Əldə edilən başqa maraqlı nəticə isə budur ki, kişilər eşqi adətən münasibət “rəsmi” başlamadan əvvəl hiss etməyə başlayırlar. Kişi iştirakçıların 30%-i münasibət başlamamışdan əvvəl aşiq olduğunu bildirib. Bu göstərici qadınlarda 20%-dən aşağıdır.
Araşdırmaya əsasən, kişilər bir qədər daha tez-tez aşiq olurlar, amma qadınlar daha güclü və obsesif bir eşq yaşayır. Həmçinin qadınlar partnyorlarını düşünməyə daha çox vaxt sərf edirlər. Bununla yanaşı, kişilərin ümumi bağlılıq səviyyəsinin qadınlardan bir qədər aşağı olduğu qeyd edilib.
Məryəm İlhamqızı