Azərbaycan televiziya məkanında müşahidə olunan dəyişikliklər göstərir ki, tamaşaçı marağı getdikcə sosial şəbəkə fenomenlərinə və əyləncə xarakterli kontentə yönəlir. Reytinq göstəriciləri və sosial media reaksiyaları təsdiqləyir ki, jurnalist araşdırmaları, sənədli süjetlər və dərin mövzulara həsr olunmuş verilişlər əvvəlki qədər izlənmir. Əvəzində isə “Tiktok” fenomenləri və qalmaqallı çıxışlarla yadda qalan proqramlar daha geniş auditoriya qazanır. Bu tendensiya yerli efir məkanında keyfiyyət və baxış sayı arasında kəskin uçurumun yarandığını göstərir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Amil Xəlil bir sıra məsələlərdən gileylənib:
“Azərbaycan tamaşaçısı təkcə yerli kanallarla kifayətlənmir, Türkiyə və Rusiya telekanallarında yayımlanan verilişlərə də böyük maraq göstərir. Amma maraqlıdır ki, orada təqdim olunan qeyri-peşəkar, bəzən zərərli nüanslar çox zaman görməzlikdən gəlinir. Sanki güc yalnız yerli efirdə yayımlanan verilişləri tənqid etməyə çatır. Və bu tənqidlərin də əksəriyyəti təəssüf ki, “like” uğruna yazılır.
Mən isə sosial şəbəkədə yalnız İQ səviyyəsi yüksək olan, izlədiyinə, oxuduğuna, dinlədiyinə dəyər verən kütlə üçün varam. “Bəyənilsin deyə” işləyən kontentlər üçün yox”.
A.Xəlil qeyd edib ki, bu gün televiziyalara "Tiktok" fenomenləri dəvət olunur və bu tip verilişlər maraqla izlənilir:
“Amma mənim verilişimdə belə qonaqlar olmayıb və bunu mənfi hal kimi görmürəm. Sadəcə cəmiyyətin bir hissəsi baxır deyə onlar efirə dəvət olunurlar. Bəs keyfiyyət, bəs məzmun?
Məsələn, “Xoş gəldin” adlı verilişin reytinq göstəricilərini görəndə təəccüblənirəm. Bəzən 17 ziyalı – o cümlədən 8 deputat – bu proqram haqqında yazır, fikir bildirir. Çünki onlar izləyir və müzakirə edirlər. Amma reytinqlərə baxanda görürsən ki, çox da izlənmir. Niyə?
Niyə bir müğənninin səhnədə soyunması 100-150 min baxış toplayır, amma biz jurnalistlər saatlarla kəndə gedib hazırladığımız sənədli süjetlərə baxan yoxdur? Niyə cəmiyyətin diqqəti əməyi, araşdırmanı deyil, sadəcə "hoqqa" çıxaranları alqışlayır?
Bəlkə də problem verilişlərdə deyil. Problem, daha dərindən baxsaq, ictimai zövqün formalaşmasında, diqqət mərkəzində olanların hansı keyfiyyətlərə malik olmasında gizlidir”.
Aytac Şahin
Telegram kanalımız