Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi uzman patomorfoloq Zərifə Yusifli mayın əvvəllərində Bakıda keçirilən 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo tədbirində məruzəçi və panel sədri qismində iştirak edib.
O, konqresdə “Hipofizin neyroendokrin törəmələrində yeni təsnifat” mövzusunda təqdimatla çıxış edərək, bu sahədə Dünya Səhiyyə Təşkilatının ən son tövsiyələrini iştirakçılarla bölüşüb, Mərkəzi Gömrük Hospitalında hipofiz şişlərinə dair 153 klinik hadisə əsasında aparılmış yeni elmi tədqiqatın nəticələri haqqında məlumat verib və düzgün patomorfoloji və klinik yanaşmanın əhəmiyyətini vurğulayıb.
Zərifə Yusiflinin sədrlik etdiyi “Həzm sistemin patologiyaları” elmi panelində Türkiyənin Hacettepe Universitetindən professor Cenk Sökmensüer və həkimlər Aynurə Zeynalova, Fikrət Əliyev və Məsmalı Mustafayev təqdimatlarla çıxış ediblər. Paneldə həzm sistemi patologiyaları üzrə son elmi yeniliklər, patomorfoloji təcrübələr və klinik yanaşmalar müzakirə olunub, iştirakçılar tərəfindən verilmiş çoxsaylı suallara cavablar verilib.
Panel yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.