AZ

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? » AzadMedia.az



Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Mayın 4-nə keçən gecə, Xaçmazda baş verən bir faciə daha bir ailənin üzərindən qara pərdə çəkdi. 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq həyatına son qoydu. Mediada yayılan məlumatlara görə, o, son vaxtlar internet mərc oyunlarına aludə olub və bu səbəbdən ciddi borc yükü altına düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, ailəli, bir övlad atası olan Kənan bu bataqlıqdan çıxa bilmədi. Onun ölümü təkcə bir insanın faciəsi deyil, susqun qalan cəmiyyətin, məsuliyyətsiz qurumların və pulla susdurulmuş medianın günahıdır.

Mərc oyunları – asılılıq tələsi

Mərc və qumar oyunları Azərbaycanda illərdir cəmiyyətin səssiz bəlasıdır. Rəqəmlər, statistikalar açıq şəkildə təqdim olunmasa da, sosial şəbəkələrdə, xəbərlərdə və gündəlik həyatımızda bu oyunların səbəb olduğu dramlar kifayət qədərdir. Ən qorxulusu isə budur: bu oyunlar qanuni şəkildə fəaliyyət göstərir, televiziya və saytlar vasitəsilə geniş şəkildə reklam olunur.

Azərlotereya, Misli və digər adlar altında fəaliyyət göstərən onlarla platforma insanları tez və asan qazanc vədi ilə manipulyasiya edir. Amma reallıqda bu “şans” oyunları yüzlərlə, minlərlə insanı maddi iflasa, ailə dağıntılarına və psixoloji sarsıntılara sürükləyir.

Kənan Abdullayevin timsalında bu faciə daha da qabarıq görünür: dövlət işində çalışan, ictimai faydalı iş görən, bir ailənin dayağı olan bir insan belə bu təhlükəli asılılığın qurbanına çevrilirsə, sadə vətəndaşlar necə mübarizə aparsın?

Media niyə susur?

Ən acınacaqlısı odur ki, bu təhlükəli problemin mediyada demək olar ki, heç qabardılmamasıdır. Əksinə, televiziya kanalları və xəbər portalları bu oyunların reklamını nümayiş etdirməyə davam edir. Pul və sponsorluq müqavilələri həqiqəti susdurur. Cəmiyyət isə bu səssizliyin içində faciələri yalnız son nəticədə – ölüm, intihar, cinayət kimi hallarda eşidir.

Jurnalistlər, ziyalılar, ağsaqqallar – bu problemi görmürlərmi? Onların qarşısında bir valideynin göz yaşları, bir uşağın atasız qalan həyatı dayanırsa, necə susmaq olar? Axı heç kim bu bəladan sığortalanmayıb...

Niyə tədbir görülmür?

Bəzi ölkələrdə mərc oyunlarının reklamı tamamilə qadağandır və bu sahəyə ciddi nəzarət var. Azərbaycanda isə bu sistem tənzimlənmək əvəzinə təşviq olunur. Reklamlar, mobil əlavələr, uduş və qələbə illüziyası yaratmaq üçün tətbiq olunan psixoloji manipulyasiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilib.

Bu sahədə Mədəniyyət və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumları məsuliyyət daşıyır. Amma görünən odur ki, indiyədək nə real addım atılıb, nə də ictimai müzakirə təşkil olunub.

Çağırış:

Bu faciə sonuncu olsun deyə ictimai qınaq, medianın ayılması və hüquqi dəyişikliklər olmalıdır. Mərc oyunlarının reklamları qadağan edilməli, onlara gənclərin çıxışı məhdudlaşdırılmalı, psixoloji dəstək proqramları gücləndirilməlidir.

Hər intihar statistik deyil – bir ailənin faciəsidir. Kənan Abdullayevin ölümü bizi silkələməlidir. Əgər bu gün susuruqsa, sabah bu ağrı bizim qapımızı da döyə bilər.


Seçilən
0
1
azadmedia.az

2Mənbələr