Göygöl rayonunda YAP Göygöl rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bakı-Qazax magistral avtomobil yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində təşkil olunmuş ağacəkmə aksiyasında yol kənarlarına 102 ədəd həmişəyaşıl şam ağacları əkilib. Ağacəkmə aksiyasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilat sədrləri, partiya fəalları və gənclər iştirak edib.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, rayonun ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə vermək olmuşdur.
Bu təşəbbüs Göygöldə ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və rayonun inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə rayonda yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.
Qeyd edək ki, Göygöldə müvafiq Tədbirlər Planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində işlər davam etdirilir.