Neuralink şirkətinin üçüncü iştirakçısı – amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyulmuş bir şəxs – dünyada ilk dəfə olaraq yalnız düşüncə gücü ilə YouTube videosu montaj edib və səsləndirib.
Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, tamamilə iflic olan və danışmaq qabiliyyətini itirmiş Bredford Smit adlı istifadəçi, beyin motor qabığında yerləşdirilmiş çip vasitəsilə kompüteri idarə edir. Neuralink çipi Bluetooth vasitəsilə MacBook kompüterinə qoşulub və onun neyron aktivliyini izləyir.
Kursora nəzarət etmək üçün Smit düşüncə ilə dilini hərəkət etdirdiyini təsəvvür edir – bu üsul kompüter idarəsində ən effektiv "əzələ" rolunu oynayır. Bir neçə həftə ərzində o, sistemi mənimsəyərək videoları müstəqil şəkildə redaktə etməyə başlayıb.
Layihənin daha bir vacib hissəsi isə süni intellektlə çalışan səs sintezatorudur. Bu sistem Bredfordun əvvəllər yazılmış səs nümunələri əsasında işləyib və indi ona videoları təkcə montaj etməyə deyil, öz səsi ilə səsləndirməyə də imkan verir – sanki o, yenidən danışmağa başlayıb.
Bu hadisə, beyin-kompüter interfeysi (BCI) texnologiyalarının sürətlə inkişaf etdiyini və Neuralink-in artıq sadəcə bir eksperiment olmadığını göstərir. Texnologiya ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün müstəqil həyata dönüş imkanı yaradır.