AZ

“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankının təqdimatı keçirilib

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamını icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət və özəl qurumların insan resurları üzrə mütəxəssisləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək Kadr Bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərinə Kadr Bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb.

Daha sonra “Yüksəliş” müsabiqəsinin işçi qrupu tərəfindən Kadr Bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.

Qeyd edək ki, Kadr Bankına “Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib. Onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər. Bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması və onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Seçilən
0
3
azertag.az

4Mənbələr