Berlin, 5 may, AZƏRTAC
Zaksenhauzen əsir düşərgəsində saxlanılmış azərbaycanlı qurbanların xatirəsinə həsr olunan memorial lövhənin açılması bizim üçün əlamətdar hadisə və böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Zaksenhauzen Memorial Kompleksinin rəhbəri Aksel Drekol Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib.
“Zaksenhauzen əsir düşərgəsi səksən il əvvəl azad olunmasına baxmayaraq, burada baş verənlərin araşdırılması hələ də çox əhəmiyyətlidir. Burada bir çox ölkənin və xalqın nümayəndələrinin nə qədər əziyyət çəkdiyini, Hitler rejiminə qarşı mübarizə apardıqlarını öyrənmək çox önəmlidir. Düzdür, bu mübarizə sonda uğurla nəticələndi, lakin bu, çox ağır itkilər hesabına əldə edildi”, – deyə o vurğulayıb.
Zaksenhauzendə sistemli şəkildə qətlə yetirilən əsirlərin ən böyük qrupunu sovet ordusundan olan hərbi əsirlərin təşkil etdiyini deyən Kompleksin rəhbəri onların arasında azərbaycanlıların da olduğunu diqqətə çatdırıb. Aksel Drekol xatirə lövhəsinin açılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüsə görə Azərbaycanın Almaniyadakı səfirliyinə minnətdarlığını bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin