AZ

Deputat: “Moskva Hava Limanında Azər Badamova qarşı bu cür addım atanlar “partizanlıq” ediblər”

“Azər Badamov Azərbaycan xalqı tərəfindən seçilmiş millət vəkilidir. Onun toxunulmazlığı var. Badamov Yeni Azərbaycan Partiyasının millət vəkili olmaqla yanaşı, həm də partiyanın İdarə Heyətinin üzvüdür. Kifayət qədər nüfuzlu siyasətçidir. Şübhəsiz ki, Azərbaycanın millət vəkilinin Rusiyada bu şəkildə saxlanılması dostyana hərəkət deyil, qonşuluğa sığışmır. Hətta hüquqi baxımdan da yanlışdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu deyib.

 

“Belə hallarda hər hansı ölkə öz ərazisinə kiminsə daxil olması ilə bağlı qərar qəbul edirsə, mütləq siyahı əvvəlcədən dərc edilir, arzuolunmaz şəxs elan olunur. Həmin şəxs də bunu əvvəlcədən bilir. Hansı fəaliyyətlə məşğul olursa, olsun, hansı ölkənin vətəndaşı olursa, olsun... Moskva Hava Limanında Azər Badamova qarşı bu cür hərəkət edənlər bir növ “partizanlıq” ediblər. Siyasətçi ölkəyə girişi ilə bağlı qadağadan xəbəri olmadan həmin ölkəyə üz tutur, birdən-birə çox pis sürprizlə üz-üzə qalır. Düşünürəm, Rusiya və Azərbaycan münasibətlərini korlamağa cəhd göstərən üçüncü qüvvələrdən də şübhələnmək üçün əsaslarımız ola bilər. Rusiyanın bu məsələdə ali siyasi iradəsinin olduğuna inanmıram. Çünki bir tərəfdən Rusiya Azərbaycanla münasibətləri daha da dərinləşdirməyə çalışır, çox yüksək səviyyədə səfərlər təşkil olunur, isti diplomatik məzmunlu məktub mübadiləsi həyata keçirilir, sonda isə belə bir addım atılır. Əlbəttə, Azərbaycan tərəfi məntiqli izah gözləyir. Xarici İşlər Nazirliyimizin də bəyan etdiyi kimi, mütləq burada Rusiya-Azərbaycan münasibətlərinə uyğun qərar qəbul edilməlidir. Azər Badamova qarşı atılmış bu addımın izahatı verilməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 May 2025, 09:43   
Seçilən
0
1
pravda.az

2Mənbələr