AZ

“Ukraynada  Rusiya ərazisində gözlənilməz əməliyyatlar üçün xüsusi briqadalar hazırlanır...”- EKSPERT

“Paralel olaraq Ukrayna ordusu briqada sistemindən korpus sisteminə keçir. Çünki korpus sistemində idarəetmə daha effektivdir...”
 
“Baş Qərargahın verdiyi rəsmi məlumata görə, Belqorod vilayətinin Pokovka məntəqəsi istiqamətində Ukrayna hərbi birləşmələri fəaliyyət göstərir... Ukrayna bunu etməlidir. Başqa cür təhlükəsizlik zonası yaratmaq mümkün deyil. Müdrik döyüşçü savaşı qarşı tərəfin ərazisinə keçirməlidir ki, düşməni önləsin və təhlükəsizliyi təmin etsin”.
 
Bunu Moderator.az-a açıqlamasında Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyev Rusiyanın Belqorod vilayətində Ukrayna qüvvələrinin olub-olmamasıyla bağlı sualı cavablandırarkən söyləyib.
 
“Bir ara yerli KİV-də qeyri-rəsmi məlumatlar yayıldı ki, Ukrayna ordusu Rusiyanın Bryansk vilayətində də bir neçə mövqeni ələ keçirib?” sualına isə həmyerlimiz belə cavab verib: 
 
“Yox, Bryansk bu mənada bir az əsas cəbhə xəttindən uzaqdır... Orada sadəcə müəyyən hərbi obyektləri vurublar... Amma onu bilmək lazımdır ki, onsuz da Ukrayna Silahlı Qüvvələri dayanan deyil... Belə gözlənilməz əməliyyatlar üçün xüsusi briqadalar hazırlanır. Hazırda orduda çox yaxşı islahatlar həyata keçirilir. Yeni briqadalar yaranır, səfərbərlik həyata keçirilir, yeni silahlar alınır və ya istehsal olunur. Paralel olaraq Ukrayna ordusu briqada sistemindən korpus sisteminə keçir. Çünki korpus sistemində idarəetmə daha effektivdir. Məsələn, 6-7, bəzən 10 briqada bir korpusda birləşir. Ukraynada artıq belə korpuslar təşkil edilib. Təbii ki, bəzi məlumatlar qapalı olduğundan verə bilmirik. Amma onu da deyim ki, islahatların həyata keçirilməsində Silahlı Qüvvələrə yeni Baş Qərargah rəisinin - general-mayor Andrey Qnatovun vəzifəyə gətirilməsi də böyük rol oynadı. Çünki o bu sahədə mütəxəssisdir. Ona verilən birinci tapşırıq istiqamətlər üzrə korpusların təşkil edilməsidir... 
 
Bilirsiz, korpusda artıq bütün qoşun növləri(mexanikləşdirilmiş, qeyri-mexanikləşdirilmiş) təmsil olunur və məsələlər birbaşa korpusun içərisində həll edilir. Əvvəllər hər briqada ayrılıqda Baş Qərargahla kommunikasıyada olurdu, artıq indi korpus komandirləri birbaşa Baş Qərargahla əlaqə saxlayır. Necə deyərlər, idarəetmənin təkmilləşdirilməsi baş verir...”
 
 
Seçilən
0
moderator.az

1Mənbələr