Rusiya patriarxı Kirillin Azərbaycana səfəri və bu səfər zamanı səsləndirdiyi fikirlər, iki ölkə arasında Azala məxsus təyyarənin vurulmasından sonra yaranmış soyuqluğun davam etdiyini göstərir. Uzun müddətdir ki, Rusiya İkinci Dünya müharibəsində əldə olunan Qələbənin 80 illiyini Moskvanın Qırmızı meydanında çox sayda dövlət və hökumət başçısının iştirakı ilə qeyd etməyə hazırlaşır. Artıq bir çox ölkələr dəvətləri qəbul edib, iştiraklarını rəsmən təsdiqləyiblər.
Faşizm üzərində qələbədə Azərbaycanın da danılmaz və böyük payı var. Babalarımız döyüş meydanında, nənələrimiz zavodlarda, neftçilərimiz isə mədənlərdə bu tarixi qələbə üçün çalışıblar. Azərbaycan prezidentinə də bu tədbir üçün rəsmi dəvət göndərildiyi məlumdur. Ancaq Azalın təyyarəsinin vurulması ilə bağlı baş verənlərdən sonra Azərbaycan tərəfi Rusiya qarşısında konkret şərtlərini bəyan etmiş və məsələni açıq saxlamışdır. Görünür, bu müddət ərzində atılan addımlar rəsmi Bakını tam qane etməyib.
Martın 15-də Moskvada keçirilən qeyri-rəsmi görüşdə Rusiya və Tacikistan prezidentlərinin İlham Əliyevə telefon zəngi və Putinin şəxsi dəvəti də Azərbaycan prezidentinin mövqeyində hələ ki, dəyişikliyə səbəb olmayıb. İlham Əliyev dəvətə görə təşəkkür etsə də, iştirak barədə dəqiq mövqe ifadə edilməyib.
Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə təyyarənin vurulması ilə əlaqədar şərtlərin qəbul edilməyəcəyi təqdirdə, prezident İlham Əliyevin Qələbə paradına qatılmayacağını açıq şəkildə göstərib. Paradın keçirilməsinə sayılı günlər qaldığı halda, Kremlin diplomatik kanallar vasitəsilə nəticə əldə edə bilməməsi fonunda, Patriarx Kirill vasitəsilə "yumşaq güc" nümayiş etdirərək Azərbaycan prezidentinə müraciət edib.
Patriarx Kirillin seçilməsi təsadüfi deyil. İlham Əliyevin və Mehriban xanım Əliyevanın Kirilə xüsusi hörmət və ehtiram bəsləməsi, görüş zamanı da açıq şəkildə müşahidə olunurdu. Prezident İlham Əliyevin "Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunacaq" ifadəsi göstərir ki, Kiril Azərbaycanın mövqeyini Rusiya siyasi dairələrinə çatdıraraq münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər.
Patriarx Kirillin "Məndən xahiş edildi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz" mesajı Kremlin İlham Əliyevi 9 may tədbirlərində görmək arzusunu vurğulayır. Eyni zamanda Patriarxın "O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək" ifadəsi ilə Putinin xarakterinə işarə etməsi, həmçinin İlham Əliyevə açıq və səmimi dialoqa hazır olduqlarını bildirmək məqsədi daşıyır. Bu, münasibətlərin şəffaflığı və səmimiliyi barədə Azərbaycanın narahatlıqlarını yumşaltmaq üçün verilən bir təminatdır.
Beləliklə, İlham Əliyevin Qələbə paradına qatılıb-qatılmaması yaxın gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinin dinamikasını müəyyənləşdirəcək və diplomatik atmosferin istiqamətini göstərəcək mühüm siyasi qərar olacaq.
Aqil Məmmədov, siyasi ekspert